Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak edib

Sentyabrın 24-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci
sessiyası çərçivəsində "Xərçəngdən və digər ağır xəstəliklərdən əziyyət
çəkən uşaqların həyatda qalması və əzablarının azaldılması üzrə qlobal
hərəkat" (Global Movement to Improve Survival and Reduce Suffering for
Children with Cancer and Other Catastrophic Diseases) adlı xüsusi sessiya
təşkil olunub.
Crossmedia.az xəbər verir ki,
Özbəkistan Respublikası və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təşkil olunan
tədbirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, qızları Leyla Əliyeva və
Arzu Əliyeva iştirak ediblər.
Əvvəlcə
birgə foto çəkdirildi.
Tədbirin
təşkilatçılarından olan Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon
Mirziyoyeva və Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom
Qebreyesus xüsusi sessiyada gündəliyə çıxarılan mövzunun bu gün bütün dünyadakı
aktuallığından danışdılar.
Türkiyənin
birinci xanımı Əminə Ərdoğan və digər çıxışçılar da mövzu ilə bağlı fikirlərini
bölüşdülər.
Qeyd edildi ki, sessiyanın təşkilindən əsas məqsəd dünya ictimaiyyətinin diqqətini bu qlobal problemə yönəltmək, onun nə dərəcədə təhlükəli olduğunu xatırlatmaqdır. Problemin aktuallığı ildən-ilə artır. Statistikaya əsasən, hər il dünyada təxminən 200 min uşaq xərçəng xəstəliyinə tutulur və onların yarısı dünyasını dəyişir.
02:40 25.09.2025
Oxunuş sayı: 4573