Yelisey Sarayı iflic vəziyyətdə: Makron Fransanı "partladır"

Fransa daxili işlər naziri Bruno Retayo bildirib ki, ölkədə "Hər şeyi blokla" hərəkatı çərçivəsində keçirilən kütləvi aksiyalarda təxminən 200 min nəfər iştirak edib.
Retayo bu rəqəmi axşam saatlarında keçirilən hökumətlərarası antiböhran komitəsinin iclasının yekununda səsləndirib. Daha əvvəl Fransa DİN ölkə üzrə etirazçıların sayının 175 min olduğunu bildirmişdi.
Fransanın aparıcı həmkarlar ittifaqlarından biri olan Ümumi Əmək Konfederasiyası isə aksiyalara 250 min nəfərin qatıldığını iddia edib.
10 sentyabr günü Fransanın həm böyük, həm də kiçik şəhərlərində yürüşlər, mitinqlər, yolların, müəssisə və idarələrin, dəmiryol stansiyalarının bloklanması ilə yadda qalıb.
Etirazların əsas hədəfi ölkə rəhbərliyinin iqtisadi siyasəti olub. Aksiyada prezident Emmanuel Makronun istefasını tələb edən şüarlar da diqqət çəkib.
Aksiyalar zamanı etirazçılar tez-tez polis qüvvələri ilə qarşıdurmaya girib, hadisələr iğtişaşlara çevrilib.
Maraqlıdır Fransada “Hər şeyi blokla” hərəkatı çərçivəsində keçirilən aksiyaların miqyası ölkənin sosial-iqtisadi siyasətinə hansı təsirləri göstərə bilər?
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Aytən Qurbanova "hər şeyi blokla hərəkatının bir çox istiqamətlərə təsir edəcəyini qeyd edib: "Düşünürəm ki, Fransada başlayan “hər şeyi blokla” hərəkatı bir çox istiqamətdə ölkənin sosial-iqtisadi siyasətinə mütləq təsirlərə malikdir. İlk növbədə onu qeyd etmək lazımdır ki, bu hərəkat ictimai müqavimətin simvoludur. Əgər hökumət mövcud narazılıqları özündə əks etdirən nu hərəkata ciddi yanaşaraq müvafiq tədbirləri həyata keçirsə, həqiqətən müsbət dəyişikliklərə nail olmaq mümkün ola bilər".
Politoloq, həmçinin hərəkatın güclənəcəyi təqdirdə bir çox məsələdə Fransanın iflic olacağını bildirib: "Hərəkatın hərəkatın güclənməsi fonunda ölkədə bir çox istiqamətdə həyatı iflic edə biləcək hadisələrin baş verməsi qaçınılmazdır. Xüsusilə də, etirazların radikallaşması ehtimalı kifayət qədər yüksəkdir. Belə olan halda isə ölkənin investisiya cəlbediciliyi azala, eləcə də idxal-ixrac əməliyyatları və səmaye istehsalı zəifləyə bilər. Nəticə etibarilə, bütün bunlar baş verərsə, hökumət tərəfindən etirazlara səbəb olan qərarların ləğv edilməsi labüd xarakter ala bilər".
Elmir Heydərli
14:54 12.09.2025
Oxunuş sayı: 3590