Zelenski: “Ukrayna yalnız ədalətli sülhə razıdır”

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin yalnız ədalətli sülhə ehtiyacı olduğunu və Rusiyanın təklif edə biləcəyi hər hansı kompromisi qəbul etməyəcəyini bəyan edib. O, bunu Ukraynanın Müstəqillik Günü münasibətilə xalqa müraciətində bildirib.
Crossmedia.az xəbər verir ki, Zelenski çıxışını Kiyevin mərkəzində – Müstəqillik Meydanından (Maidan Nezalejnosti) edib. Prezident qeyd edib ki, bu meydan ukraynalılar üçün sadəcə paytaxtın əsas meydanı deyil, müstəqilliyin və tarix yaradan iradənin simvoludur.
Dövlət başçısı “Nol kilometri”ndə yazılmış Donetsk, Luqansk və Krım kimi şəhərlərə olan məsafələrə də diqqət çəkib:
“Bu işarələr artıq sadəcə kilometr demək deyil. Onlar xatırladır ki, bütün bunlar – Ukraynadır. Orada bizim insanlarımız var və nə məsafə, nə də müvəqqəti işğal bunu dəyişməyəcək. Bir gün bu məsafələr yox olacaq və biz yenidən bir ailə, bir ölkə kimi birləşəcəyik. Bu sadəcə zaman məsələsidir”.
Zelenski Ukrayna əsgərlərinə, könüllülərə, həkimlərə, xilasedicilərə, müəllimlərə, gənclərə və bütün vətəndaşlara təşəkkür edib.
Prezidentin sözlərinə görə, Ukrayna artıq başqalarının “yaxşı niyyət jestlərini” gözləyən ölkə deyil, öz iradəsinə sahib dövlətdir:
“Belə bir Ukrayna heç vaxt tarixdə rusların ‘kompromis’ adlandırdığı utanca məcbur edilməyəcək. Bizə yalnız ədalətli sülh lazımdır. Gələcəyimizin necə olacağına yalnız biz qərar veririk. Dünya bunu bilir və hörmət edir. Ukraynanı bərabər tərəf kimi qəbul edir”.
Zelenski əlavə edib ki, Ukrayna bir gün ərzində dünya liderlərini ətrafında toplaya, Avropa və ABŞ-ın birliyini bərpa edə və bu birliyin əsas dayağına çevrilə bilər:
“Buna görə Ukraynanı eşidirlər, onunla hesablaşırlar, ona qulaq asırlar. Ukraynanın yeri masa arxasındadır. Ona ‘qapıda gözləyin’ demirlər, əksinə ‘qərarı yalnız siz verirsiniz’ deyirlər”, – dövlət başçısı vurğulayıb.
Nicat Rüstəmzadə
05:30 25.08.2025
Oxunuş sayı: 827