Kallas: Əgər Ukraynadan güzəşt tələb etsək, aqressiya mükafatlandırılacaq

Ukraynanın Rusiyaya ərazi güzəştləri “Moskvanın qurduğu tələdir”.
Crossmedia.az xəbər verir ki, bu sözləri AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas BBC-yə müsahibəsində bildirib.
“Bütün söhbətlər Ukraynanın nəyi verməli olduğuna, hansı güzəştlərə hazır olmasına həsr olunub. Halbuki unuduruq ki, Rusiya indiyədək heç bir güzəştə getməyib. Əgər bu tələyə düşsək və Ukraynadan güzəştlər tələb etsək, onda eyni vəziyyət yenidən yaşanacaq, çünki təcavüz mükafatlandırılacaq”- o qeyd edib.
Diplomatın sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Alyaskadakı sammitdən istədiyini alıb:
“O, təntənəli şəkildə qəbul edilib və ABŞ yeni sanksiyalar tətbiq etməyib”.
Kallas həmçinin Ukraynaya təhlükəsizlik zəmanətləri ilə bağlı aparılan danışıqları da şərh edib. O deyib ki, “bu mərhələdə konkret addımlar hələ azdır”.
“Ən etibarlı təhlükəsizlik zəmanəti güclü Ukrayna ordusudur”, – o əlavə edib.
Nihat Tahirov
15:24 22.08.2025
Oxunuş sayı: 911