Qırğızıstanda dövlət dilinə dair yeni qanun qüvvəyə mindi

Qırğızıstan Prezidenti Sadır Japarov qırğız dilindən istifadəyə dair tələbləri gücləndirən qanunu təsdiqləyib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, sənəd dövlət idarəçiliyi, təhsil, məhkəmə sistemi və ictimai həyatın bir çox sahələrində qırğız dilinin mövqeyini artırmağı hədəfləyir.
Yeni qanuna əsasən:
Məmurlar hökumət tərəfindən müəyyən olunmuş səviyyədə qırğız dilini bilməli olacaqlar.
Məhkəmə iclasları əsasən qırğız dilində keçiriləcək.
Uşaq bağçaları, məktəblər və universitetlərdə qırğız dili tədris və tərbiyənin əsas dili elan edilib.
Reklam mətnləri əvvəlcədən yerli hakimiyyət orqanları ilə razılaşdırılmalı, qanuna və orfoqrafiya qaydalarına uyğunluğu təsdiqlənməlidir.
Xidmət sahəsində yayımlanan audioçarxların, videomaterialların, musiqilərin və elanların azı 60 faizi dövlət dilində təqdim olunmalıdır.
Ümumi istifadəyə açıq məlumatlar – elanlar, lövhələr, göstəricilər, informasiya stendləri və digər yazılar əvvəlcə qırğız, yalnız bundan sonra rus dilində dərc ediləcək.
Qanunun əsas məqsədi qırğız dilinin dövlət dili kimi mövqeyini gücləndirmək və onun gündəlik həyatın bütün sahələrində istifadəsini təmin etməkdir.
Pərvin Hacıyeva
18:45 20.08.2025
Oxunuş sayı: 990