Böyük Britaniya və Aİ Putinlə bağlı yeni sanksiyalar hazırlayır

Böyük Britaniya və Avropa İttifaqı Rusiya əleyhinə yeni sanksiyalar paketi üzərində işləyir.
Crossmedia.az The Telegraph qəzetinə istinadən xəbər verir ki, bu sanksiyalar prezident Vladimir Putinin ABŞ və Ukrayna liderləri – Donald Tramp və Volodimir Zelenski ilə nəzərdə tutulan üçtərəfli görüşdə iştirakdan imtina etməsi halında qüvvəyə minə bilər.
“Əgər Putin tərəddüd etsə, danışıqlardan yayınsa və ya iştirakdan boyun qaçıtsa, bu, yeni sanksiyaların tətbiqi üçün əlavə səbəb olacaq”, – mənbə bildirib.
Xatırladaq ki, Tramp bir gün əvvəl açıqlama verərək, üçtərəfli görüşün Rusiya və Ukrayna prezidentlərinin ikitərəfli danışıqlarından sonra keçiriləcəyini söyləmişdi.
Avqustun 19-da Ağ Evin mətbuat katibi Kerolayn Levit məlumat verib ki, Vaşinqton Moskva və Kiyevlə Putin–Zelenski görüşünün mümkün məkanları barədə müxtəlif variantları müzakirə edir. O həmçinin Rusiya liderinin yaxın həftələrdə ukraynalı həmkarı ilə görüşəcəyinə dair öhdəlik götürdüyünü təsdiqləyib. Levitin sözlərinə görə, bu görüşün hazırlığı ilə ABŞ-da vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio və prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff məşğuldur.
Nicat Rüstəmzadə
09:58 20.08.2025
Oxunuş sayı: 803