Azərbaycanın milli maraqları diplomatik masada tam şəkildə təmin olundu

Azərbaycanın beynəlxalq siyasətində Birləşmiş Ştatlarla əlaqələr xüsusi əhəmiyyət daşıyır. Müstəqilliyin ilk illərindən etibarən ABŞ ilə diplomatik münasibətlərin qurulması və bu əlaqələrin dinamik şəkildə inkişaf etdirilməsi ölkəmiz üçün strateji xarakter daşıyıb. İkitərəfli əməkdaşlıq təkcə siyasi sahədə deyil, eyni zamanda iqtisadi, enerji təhlükəsizliyi, humanitar və təhlükəsizlik sahələrində də özünü göstərərək qarşılıqlı maraqlara əsaslanan münasibətlərin formalaşmasına zəmin yaradıb. Ölkəmizin başçısının Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona etdiyi işgüzar səfər tarixiliyi ilə yadda qalacaq. İki ölkə arasında illər ərzində formalaşmış yüksək qarşılıqlı hörmət və ehtiram münasibətləri Bayden–Blinken administrasiyası dövründə müəyyən gərginliklərlə korlansa da, Prezident İlham Əliyevin Vaşinqtona dəvət olunması ilə Azərbaycan-ABŞ əlaqələri yeni mərhələyə qədəm qoydu. Bu dəvət ikitərəfli münasibətlərin strateji əhəmiyyətini və tərəflərin qarşılıqlı maraqlar əsasında əməkdaşlığı davam etdirmək iradəsini bir daha göstərdi. Bu fikirləri siyasi şərhçi Emin Bağırov bildirib.
Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsindən sonrakı
dövrdə Prezident İlham Əliyevin ABŞ-a səfəri Azərbaycanın regionda dəyişən
statusunu və artan siyasi çəkisini bir daha nümayiş etdirdi. Bu mərhələdə Azərbaycan
artıq ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Cənubi Qafqazın lider dövləti
kimi beynəlxalq müstəvidə çıxış edir. Vaşinqton üçün Azərbaycanla əməkdaşlıq təkcə
enerji və iqtisadi maraqlarla məhdudlaşmır, həm də regional təhlükəsizlik, sülh
və sabitliyin qorunması baxımından strateji əhəmiyyət daşıyan tərəfdaşlıq səviyyəsinə
yüksəlib.
“Bu baxımdan regionda davamlı sülhün bərqərar olunması,
iqtisadi inteqrasiyanın sürətləndirilməsi və xüsusilə Zəngəzur dəhlizinin
açılması istiqamətində ABŞ-ın təşkilatçılığı və vasitəçilik səyləri alqışa
layiqdir. Birləşmiş Ştatların bu prosesdə fəal rolu tərəflər arasında etimadın
qurulmasına və davamlı əməkdaşlığın təmin edilməsinə mühüm töhfə verir.
Prezident Donald Trampın “Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın
Baş naziri Nikol Paşinyanı Ağ Evdə tarixi Sülh Sammiti üçün qəbul etməyi səbirsizliklə
gözləyirəm” şəklində səsləndirdiyi bəyanat isə bu təşəbbüsə verilən yüksək əhəmiyyətin
göstəricisi idi”, - deyə E.Bağırov vurğulayıb.
O qeyd edib ki, dövlətimizin başçısının Ağ Evdə ABŞ
Prezidenti Donald Tramp tərəfindən səmimiyyətlə qarşılanması və keçirilən əhəmiyyətli
görüş ölkəmizin qlobal siyasi arenada artan rolunun və nüfuzunun aydın göstəricisi
kimi tarixə həkk olundu: “Vaşinqtonda liderlərin üçtərəfli formatda keçirilən
görüşü tarixi hadisə kimi yadda qaldı. Bu görüşdə Azərbaycanın milli maraqları
diplomatik masada tam şəkildə təmin olundu. Azərbaycan bir daha sülhə
sadiqliyini və bu istiqamətdə səmimi iradəsini nümayiş etdirdi. Azərbaycan
Respublikasının Prezidenti ilə Ermənistan Respublikasının Baş nazirinin
Vaşinqtonda keçirilmiş görüşünün nəticəsi olaraq qəbul edilmiş Birgə Bəyannamə
Qarabağ Zəfərinin məntiqi davamı kimi Azərbaycanın diplomatik uğurları
siyahısına yazıldı”.
Siyasi şərhçi bildirib ki, Qarabağ münaqişəsinin sülh yolu
ilə həllini uzun illər öz üzərinə götürməsinə baxmayaraq, ATƏT-in Minsk qrupu və
ona bağlı strukturlar bu istiqamətdə real nəticələr qazana bilməmiş, əksinə
işğal vəziyyətini möhkəmləndirməyə xidmət edən vasitəyə çevrilmişdi. Bu səbəbdən
həmin formatın və əlaqəli strukturların bağlanması üçün müraciət edilməsi mühüm
siyasi hadisə oldu. Eyni zamanda, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar
Respublikası arasında maneəsiz əlaqənin təmin olunması, eləcə də “Beynəlxalq
Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlı bağlantı layihəsi üzrə çərçivənin
müəyyən edilməsi regionda davamlı sülh və əməkdaşlığın qurulmasına töhfələr verəcək.
Birgə Bəyannamədə, həmçinin Zirvə görüşünün regionda qarşılıqlı hörmət və
davamlı sülhün təşviqi baxımından möhkəm təməl yaradacağına əminlik ifadə
olundu ki, bu da müsbət inkişafların başlanğıcı kimi qiymətləndirilməlidir.
“Səfər çərçivəsində ABŞ və Azərbaycan liderlərinin
imzaladığı Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji
İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika
Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu iki ölkənin strateji əlaqələrinin
daha da dərinləşməsi, uzunmüddətli əməkdaşlığın inkişafı üçün mühüm siyasi və
institusional baza rolunu oynayır. Bir sözlə, Prezident İlham Əliyevin Birləşmiş
Ştatlara səfəri tarixi hadisəyə çevrildi. Müzəffər Ali Baş Komandan kimi döyüş
meydanında ölkəsinə parlaq Zəfər qazandıran Prezident İlham Əliyev bu dəfə
diplomatiya cəbhəsində də uğur əldə edərək, beynəlxalq müstəvidə Azərbaycanın
mövqeyini bir daha möhkəmləndirdi. Onun ABŞ-da keçirdiyi görüşlər, apardığı
danışıqlar və sərgilədiyi qətiyyətli mövqe Azərbaycanın beynəlxalq siyasətdə
artan rolunun və güclənən nüfuzunun parlaq təzahürü oldu. Beləliklə, Prezident
İlham Əliyev müasir Azərbaycanın tarixində daha bir qalibiyyət səhifəsi yazdı.
Bu dəfə Vaşinqtonda, qlobal diplomatiyanın mərkəzində, dünyanın birinci ölkəsində!”,
- deyə Emin Bağırov əlavə edib.
11:13 11.08.2025
Oxunuş sayı: 1385