100 il sonra geri dönən Əhməd bəy Ağaoğlu

Uşaqlığımdan bəri tarixdə səyahət etmək istəmişəm. Bu tarix mən uşaq olanda XVI əsr Səfəvilər dövrü idisə, indi XX əsrdir. Ona görə ki, klassiklərimiz, mətbuat adamlarımız, ədəbiyyatçılarımız XX əsri Azərbaycan tarixində zirvəyə qaldıracaq səviyyədə olublar. Klassiklərimiz arasında düşüncələrinə daha çox valeh olduğum, düşüncə tərzimə daha yaxın bildiyim üçün sevdiyim klassik Əhməd bəy Ağaoğludur. Əhməd bəyin ədəbi-publisistik yaradıcılığı öz dövrü ilə məhdudlaşmır. Onun qaldırdığı insan azadlığı, anlamaq, qadın azadlığı problemləri, dini fanatizm, habelə siyasət və millətlə bağlı yazdıqları – az qala hamısı – bu gün üçün də aktualdır.
Əhməd bəyin qaldırdığı bu problemlər 1903–1930-cu illərə təsadüf edir. Üstündən 100 ildən çox vaxt keçib və bu problemlər cəmiyyətdə hələ də öz yerini qoruyur. Görəsən, Əhməd bəy bu gün gəlsə, cəmiyyətin mövcud vəziyyətini görsə, nə düşünərdi? Şəxsən bu sual məni uzun zamandır düşündürür. Klassiklərimiz bu gün bizi görsə, halımıza acıyardımı? Lakin mən təkcə Əhməd bəydən danışmaq istəyirəm.
Əhməd bəy – 2025-ci ildə
Məkan: İçərişəhər. Günorta. Qədim qala divarlarının kölgəsində, səssizlik içində bir fiqur peyda olur – Əhməd bəy Ağaoğlu.
Mən: Salam... Siz... çox tanış görünürsünüz. Elə bil tarix kitabından düşmüsünüz.
Əhməd bəy: Bəlkə də elədir. Mən Əhməd bəy Ağaoğluyam. Bir zamanlar bu şəhərdə yaşayıb, bu xalq üçün düşünən, yazan, çarpışan bir adam olmuşam.
Mən (təəccüblə): Əhməd bəy... Ağaoğlu? Bu necə ola bilər? Siz... siz yüz il əvvəl yaşamısınız!
Əhməd bəy (gülümsəyir): Zamanın hüdudları mənəvi mübarizənin qarşısında acizdir. Bura qayıtdım. Görüm, uğrunda illərlə mübarizə apardığım, təqiblərə məruz qaldığım, ölümlə çarpışdığım xalqım necədir?
Mən: Mən sizə yaxşı bələdəm, Əhməd bəy. İstəyirsiniz, şəhəri gəzək? Özünüz baxın, görün cəmiyyət necədir?
Əhməd bəy: Yox, gəl əvvəlcə qəhvəxanaya gedək. Mən qəhvə içərkən, sən də mənə bu 100 ildə nə olub, nə bitib – danış.
Yaxınlıqda bir kafeyə getdik. İki çay sifariş verib söhbətə başladıq.
Mən: Bunu demək bir az qəribə gəlir... Siz vəfat edəndən sonra ruslar repressiyaya başladı. Mikayıl Müşfiq, Hüseyn Cavid, Almas İldırım və bir çox Azərbaycan düşünürü, şairi məhv edildi.
Əhməd bəy: Vay, soysuz köpəklər!
Mən: Rus zülmü bu cür davam etdi – ta 1991-ci il, SSRİ-nin süqutuna qədər. Sonra Azərbaycanda müstəqillik uğrunda xalq hərəkatı başladı.
Əhməd bəy: Eh, məzlum xalqım... Xalqda 70 il əsarətdə qalarmı? Bu xalq nə zaman düzələcək?
Mən: Həmin dövrdə Əbülfəz Elçibəy var idi. Sadə bir tarix müəllimi. Azadlıq mübarizəsinə o başçılıq edirdi. Millət küçələrə axışır, haqqını tələb edirdi. Sonra bu müstəqillik çağırışları başqa bir hal almağa başladı. Belə ki...
Əhməd bəy: Dur, təxmin edim... Yenə fərqli ideologiyalara bölündük, elə deyilmi?
Mən: Elədir, Əhməd bəy. Vətəndaş müharibəsi astanasında idik. Bu zaman Heydər Əliyev hakimiyyətə gəldi. Nə yaxşı ki, gəldi. Onun gəlişi Azərbaycanı uçurumdan xilas etdi. Həmçinin atəşkəs imzalandı.
Əhməd bəy: Dayan görək, oğul... Nə atəşkəsi?
Mən: O hissəni unutdum. 1991-ci ildə SSRİ-nin süqutu zamanı ermənilərin əl-qolu açıldı. 1992-ci ildən başlayaraq, Qarabağın rayonlarını bir-bir işğal etdilər.
Əhməd bəy: Sən nə danışırsan?! Bəs hara baxırdı dövlət? Harda idi xalq?! Mən deyildimmi o cür rus əsarətində “Difai”ni yaradan? Mən deyildimmi bölgələrdə o murdar ermənilərin soyunu kəsən? İndi kim olub onlar mənim torpaqlarımı işğal edir?! Axx, bu millətin ayrımcılığı, yerlipərəstliyi, bitməyən şöhrətpərəstliyi...
Mən: Əhməd bəy, sakitləşin. Hamı bizə baxır, diqqət çəkirik.
Əhməd bəy: Söylə görək, ardı nə oldu bu məsələlərin?
Mən: İndi hər şey yaxşıdır. Heydər Əliyevdən sonra hakimiyyətə İlham Əliyev gəldi. İlham Əliyevin islahatları, balanslı siyasəti bizi rus əsarətindən tamamilə xilas etdi. Erməniləri torpaqlarımızdan qazıyıb atdıq. Azərbaycan sizin və əqidə yoldaşlarınızın arzuladığı yerdədir. Dünyada sözü keçən, Avropanın həsəd apardığı bir dövlət olmuşuq.
Əhməd bəy: Desənə, 200 il sonra torpaq qaytarmışıq... Dövlət başçınız arif adam olsa gərək. Yoxsa dünyaya meydan oxumaq hər igidin cəngi deyil.
Mən: Elədir, Əhməd bəy. Gəl şəhərə çıxaq. Söhbətimizi orada davam edək.
– Ofisiant, zəhmət olmasa, hesabı gətirin.
– Sizdə iki fincan çay idi, elə deyilmi? 25 manat.
İçərişəhərdən yavaş-yavaş sahilə addımlayırıq. Əhməd bəy ona yad olan insan fiqurlarını, dükanları, küçə müğənnilərini izləyir.
Əhməd bəy: Bakıda nə qədər turist var... Turizm yaxşı inkişaf etmiş olmalı, elə deyilmi?
Mən: Elədir, Əhməd bəy. Bir baxsana, millətimiz necə də qonaqpərvərdir. Bir baxsana, gənc qızlarımız millətimizi necə də gözəl tanıdır ərəblərə...
Əhməd bəy: Bizim zamanımızda ipəkçilik olduqca inkişaf etmişdi. İndi ipəkçilik yoxdurmu? Parça istehsalı necədir?
Mən: Bəli, hələ də var. Hətta deyərdim ki, daha da güclü inkişaf edib.
Əhməd bəy: Bəs niyə bu insanların paltarları bez qədərdir? Parçalar bahadırmı?
Mən: Əhməd bəy, bu cür geyimlərə indi “dəb” deyirlər. Yarıçılpaq gəzən insanlar “dövrə, zəmanəyə uyğun” hesab olunur. Tənqid edənlər isə “kəntçi” adı ilə damğalanır.
Əhməd bəy: Məgər “kəntçi” pis sözdür?
Mən: Eh, Əhməd bəy... bu da ayrı bir dərddir...
Əhməd bəy: Bəs təhsilimiz nə yerdədir? Darülfünunlar fəaliyyət göstərirmi? Gənclərimiz təhsilə meyillidirmi?
Mən: Elə gedək, mənim oxuduğum universitetə.
Sahildən metroya düşdük. Elmlər Akademiyası stansiyasına doğru yol aldıq.
Əhməd bəy: Bir sən texnologiyaya bax! Biz bu cür avadanlıqları yatsaq, yuxumuzda belə görməzdik. İlahi, sən bir sürətə bax!
Metro gəldi, mindik. Hər zamankı kimi basa-bas idi. Geyiminə görə hər kəsin diqqəti Əhməd bəyə yönəlmişdi. Təbii ki, o da bunu hiss edirdi.
Əhməd bəy: Bu insanlar nədən belə baxırlar? Üstümdə açıqda bir şeymi var?
Mən: Əhməd bəy, geyiminiz bu dövrdə çox da görünən deyil. Nəzərə alın ki, mən də sizə ilk baxışda onlar kimi baxmışdım.
Əhməd bəy: Olsun, oğul. O yaşlı qadın dəmirdən güclə tutunub. Bəs niyə oturmur? Pulu yoxdur?
Mən: Yox, yer yoxdur oturmağa, ona görə.
Əhməd bəy: Bəs nə üçün cavanlar o yaşlı qadına yer vermir? Axı onlar daha güclü və enerjilidir. Burada ayaq üstə durmaq, ya da oturmaq onlara fərq etməməlidir.
Mən sadəcə çiyinlərimi çəkdim.
Bakı Dövlət Universitetinin qarşısında dayanmışdıq. Əhməd bəy binanın böyüklüyünə valeh oldu. Ona görə yox ki, böyük bina görməmişdi. O düşünürdü ki, bu böyük təhsil ocağında on minlərlə gənc ali təhsil ala bilər. Dövlətimizin təhsilə verdiyi dəyəri yüksək qiymətləndirdi.
Əhməd bəy: Bizim vaxtımızda da bu cür təhsil ocaqları olsaydı, torpağımdan, vətənimdən ayrı düşməzdim.
Mən: Elədir. Bakıda universitetlər çoxdur.
Əhməd bəy: Yəqin oxuyanlar da çoxdur. Tələb olmasa, universitetlər bu qədər olmaz.
Elə bu məqamda əlində siqaret, saqqallı, üst-başları tökülmüş bir qrup gənc universitetin darvazasından çıxdı.
Əhməd bəy: Eh... bu işçilər belə edəndən sonra tələbələr kimi örnək alsın ki?
Utancımdan səsimi çıxarmadım. Heç olmasa, universitetlərin normal tələbələrinin olduğunu düşünsün deyə... Amma bu dəm yüksək səsli mahnı ilə bir maşın universitetin qarşısında dayandı. İçindən isə iki oğlan düşdü.
Əhməd bəy: Bunlar da tələbədirmi?
Mən: Tələbədir.
Əhməd bəy: Zəngin uşaqları, eləmi?
Mən: Təəssüf ki...
Əhməd bəy: Əsrlər də keçsə, bu zənginlərin “mənəm-mənəmliyi” bitməyəcək. Heç olmasa, bizim zamanımızda bəzi zəngin insanlar qəzetlərə, jurnallara naşirlik edirdilər. Heç yadıma düşmür, qəzetlər nə vəziyyətdədir? Götürsənə, məni qəzetlərə baxaq.
Kioska yaxınlaşdıq. “Şərq”, “525-ci qəzet”, “Ədəbiyyat”, “Bütöv Azərbaycan” qəzetlərinin hərəsindən bir nüsxə aldıq. Elmlər Akademiyasında yerləşən Hüseyn Cavid parkına yollandıq. Əhməd bəy uzun müddət Hüseyn Cavidin abidəsi qarşısında dayandı. Sonra əyləşdik. Qəzetləri bir-bir incələdi.
Əhməd bəy: Nəə?! Bu necə olur??
Mən: Nəyi deyirsiniz, Əhməd bəy? (təəccüblə)
Əhməd bəy: Mən 1905-ci ildə – cəhalət dövründə, senzura dövründə, qəzetin ilk addımlarının olduğu bir vaxtda – “İrşad” qəzetini nəşr etdirəndə tirajı 3500-ə qədər çatırdı. Burada isə ən çoxu 2000-dir!
Mən: İndi qəzetlərin yerini onlayn media qurumları tutur. (onlayn medianın nə olduğunu izah etdim)
Əhməd bəy: Orada da xəbər yazılır, elə deyilmi?
Mən: Elədir.
Əhməd bəy: Bəs buradakı ədəbi yazılar orada dərc olunurmu?
Mən: Bəzən, hə. Bəzən isə yox. Həm bu qəzetlərin də onlayn versiyaları var.
Əhməd bəy: Heç cür anlamıram. İnsanlar qəzet oxumaq kimi bir zövqdən məhrumdurlar.
Mən: Əhməd bəy, gec olur. Gedək, sizə qalacaq yer təşkil edək.
Yaxınlıqdakı bir hotelə getdik. Otaq kirayələdik. Əşyalarının olmaması isə işimizi asanlaşdırdı. Sadəcə otaqdakı əşyaların yerini, bəzi texniki qurğuların funksiyalarını izah etdim.
Əhməd bəy: Oğul, hər şeyi başa düşdüm. Bu dördkünc qara qutu nədir?
Mən: Ona “televizor” deyirlər. Qəzetlərin canlı forması kimi düşünə bilərsiniz. Qəzetlərdə müəlliflər yazır, şikayətçilər yazır. Televizorda isə göstərirlər, danışırlar. Açım, baxmaq istəyirsinizsə. İnsanlar indi hamısı televizora baxır.
Əhməd bəy: Çox maraqlı gəldi. Texnologiyanın gəldiyi nöqtəyə bax! Gör qəzetlərdə o cür yazıları oxumayan insanlar televizora bu qədər baxırlarsa, deməli, televizor daha sanballıdır. Aç, aç, baxaq.
Televizorda Xoşqədəmin “Səni axtarıram” verilişi gedirdi. Əhməd bəyin gözləri böyümüşdü. Düz televizorun qabağına gedərək, insanlara toxuna biləcəyini düşünürdü. Sonra gəlib oturdu. Təəccübünü gizlətməyə çalışsa da, bunu bacarmırdı. Görürdüm ki, çox maraqlı gəlib.
Əhməd bəy: Hə, nədən danışırlar? Nəsə ciddi debat kimi görünür. Nəyin müzakirəsidir?
Mən: Hə, Əhməd bəy, deməli o kişini görürsünüz?
Əhməd bəy: Hə.
Mən: Bax, o kişinin həyat yoldaşı iki uşağı ilə bərabər başqa bir kişiyə qaçıb. Kişi də bura çıxıb ki, həyat yoldaşını tapsınlar. O qıraqda oturanlar da ekspertlərdir... cəmiyyətdə qəbul olunan... necə deyim... “ziyalılar” deyək.
Əhməd bəy bir neçə dəqiqə danışmadı. Sonra yorğun olduğunu və yatmaq istədiyini dedi. Sağollaşdıq və otaqdan çıxdım. Sağollaşmağa, ürəyimdə o dövrlə bağlı sualları verməyə macal belə tapmadım. Kitablarda yazıldığı kimi – qətiyyətli idi. Qəti şəkildə otağı tərk etməyimi bildirdi. Mən də çıxdım.
Səhər tezdən verəcəyim sualların həvəsi ilə hotelə yollandım. Yolda tıxac var idi. Taksini saxladıb düşdüm. Piyada qaçmağa başladım. Liftdən belə istifadə etmədən piyada qalxdım doqquzuncu mərtəbəyə. Qapını nə qədər döydümsə, açan olmadı. Hotel işçilərindən birini çağırdım.
– Xanım, zəhmət olmasa, qapını açın. Dünən burda bir yaxınım yerləşmişdi.
– Otaqda heç kim yoxdur. Bu gün mən təmizləmişəm. Amma yenə də gəlin baxın.
Doğrudan da otaq bomboş idi. Sanki heç Əhməd bəy bu otaqda olmamışdı. Suyum süzülə-süzülə hoteldən çıxdım. Çox, amma çox təəssüflənirdim. Verə bilmədiyim suallara, göstərə bilmədiyim yerlərə görə. Əhməd bəydən qalan – bircə əlimdəki məktub idi.
Ayhan
11:23 26.07.2025
Oxunuş sayı: 1756