Dövlət Komissiyası: Son 6 ayda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 2 min 838 nəfər cinayət məsuliyyətinə cəlb edilib

Cari ilin yanvar-iyun ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilib.
İşçi qrupundan bildirilib ki, hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 4 min 675 cinayət faktı aşkarlanıb. Onlardan 1484-ü narkotik vasitələrin qanunsuz satışı, 3 min 92-si narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 97-si narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-si bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 4 ton 290 kiloqram 046,798 qram narkotik vasitələrin və psixotrop maddələrin 3 ton 702 kiloqram 002,105 qramını marixuana, 226 kiloqram 593,65 qramını heroin, 87 kiloqram 643,147 qramını tiryək, 42 kiloqram 920,438 qramını həşiş, 134 kiloqram 254,227 qramını digər narkotik vasitələr və 96 kiloqram 633,231 qramını psixotrop maddələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 5 min 183 ədəd metadon, 12 min 222 ədəd çətənə bitkisi, eləcə də, 588,2 qram, 95 həb, 39 kapsul güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülüb.
Hesabat dövründə Daxili İşlər Nazirliyinin təşkilatçılığı və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 570 hektar sahədən yaş kütləsi 152 ton 391 kiloqram olan 2 milyon 269 min 742 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.
Qanunsuz dövriyyədən çıxarılmış 4 ton 290 kiloqram 046,798 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 109 milyon 706 min 109 manat kimi qiymətləndirilir.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 2 min 838 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Həmin şəxslərdən 2 min 745-i kişi, 93-ü qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş 52 nəfər xarici ölkə vətəndaşından ümumilikdə 722 kiloqram 214,275 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə və 198,217 qram çətənə kolu götürülüb.
Hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 120 fakt aşkar edilib. Həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 627 kiloqram 670,598 qram və 5183 həb metadon narkotik vasitə və psixotrop maddə, 13 194 ədəd həb güclü təsir edən maddə çıxarılıb.
Ümumilikdə aşkarlanmış cinayətlərin 140 qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 289 kiloqram 131,353 qram narkotik vasitə, psixotrop maddə müsadirə edilib.
1308 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 973 kiloqram 750,99 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.
Təhlil göstərir ki, 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aşkarlanan faktların ümumi sayı 1000, qanunsuz satış ilə bağlı faktların sayı 250, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 730, narkotik tərkibli bitkilərin qanunsuz kultivasiya edilməsi faktlarının sayı 19, bu kateqoriyadan olan digər cinayət faktlarının sayı 1, qaçaqmalçılıqla bağlı faktların sayı 3, qrup halında olan cinayətlərin sayı 29 fakt, məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 1043 nəfər azalıb. Qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 567 kiloqram 404,073 qram artıb.
2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış güclü təsirə malik narkotik vasitələrin o, cümlədən heroinin çəkisi 204 kiloqram 760,745 qram (47,5 faiz), tiryəkin çəkisi 6 kiloqram 453,287 qram (6,9 faiz), psixotrop maddələrin çəkisi 34 kiloqram 731,972 qram (26,4 faiz) azalıb.
Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 3 ton 702 kiloqram 002,105 qram (86,2 faiz) marixuana təşkil edib. Onun da 3 ton 369 kiloqram 006,83 qramı (91,0 faiz) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olub. 332 kiloqram 995,275 qramı (8,9 faiz) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, həyətyanı sahələrdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilib.
İşçi qrupun təşkilatçılığı ilə 2025-ci il yanvarın 28-də qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiya tərəfindən 24 qərar əsasında barəsində məhvetmə qərarı qəbul olunmuş 5 ton 168 kiloqram 332,011 qram müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr və mayın 29-da isə 2 min 397 məhkəmə hökmü üzrə 5 ton 094 kiloqram 323,346 qram müxtəlif növ narkotik vasitə, psixotrop maddə və onların prekursorları, həmçinin 8 min 644 ədəd çətənə bitkisi məhv edilib.
Eyni zamanda, hesabat dövründə qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiyaların birgə təşkilatçılığı 31 rayon və şəhərdə 1301 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul olunmuş ümumi çəkisi 33 kiloqram 357,505 qram və 21 həb müxtəlif narkotik vasitələr, psixotrop maddələr, 4 kapsul güclü təsir edən maddə və 248 ədəd çətənə bitkisinin məhv olunması təmin edilib.
Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 46 min 420 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin olunması məqsədilə tibbi müayinədən keçirilmiş 2 min 531 nəfərdən 1459-nun istifadəçi olması müəyyənləşib və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.
Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 307, QİÇS-lə Mübarizə Mərkəzində 343, Sumqayıt Narkoloji Mərkəzində 136 nəfər) 786 xəstə müalicə alır.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən, ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. 2025-ci ilin iyun ayının sonuna kimi aşkarlanmış İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 29 (4,5%) nəfəri inyekson narkotik istifadəçiləri olub.
2025 ilin yanvar-iyun ayları ərzində “802 qaynar xətt” telefon zəng xidmətinə 451 vətəndaş müraciəti daxil olub ki, onların 46-sı narkotik vasitələrin qanunsuz dövriyyəsi, 38-i narkotik asılılıqdan müalicə, 367-si isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəalarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Qeyd edilən müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 84 məktub ünvanlanıb.
“802 qaynar xətt” zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılıb və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülüb, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilib, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.
17:22 18.07.2025
Oxunuş sayı: 498