Xudayar Yusifzadənin doğum günü - Qəhrəmanın yaddaşlarda yaşayan ömrü

Bu gün – 15 iyul, xalqımızın yaddaşında yalnız bir doğum günü deyil, bir qəhrəmanın ruhunu anmaq, onu xatırlamaq və yaşatmaq günüdür. Bu gün, qəlblərdə əbədi yaşayan qəhrəman Xudayar Yusifzadənin doğum günüdür...
Xudayar 1998-ci ilin bu günündə Bərdə şəhərində sadə, zəhmətkeş bir ailədə dünyaya gəlib. Həyat onu tez bir zamanda yetkinləşdirdi. Doğumundan cəmi 24 gün sonra atasını itirməklə başlayan bu həyat, onu həm ailəsinin dayağı etdi.
Xudayar musiqi ilə böyüyən, incəsənətin içində formalaşan bir gənc idi. Bülbül adına Uşaq İncəsənət Məktəbində aldığı təhsil onun duyğusal, vətənpərvər dünyasının təməlini qoydu. Amma vətən sevgisi, torpaq qeyrəti onu musiqidən səngərə apardı. Dövlət Təhlükəsizliyi Xidmətində başlayan hərbi yolu, daha sonra Dövlət Sərhəd Xidmətində peşəkar hərbçiyə çevrilməsi ilə davam etdi.
2020-ci ildə Azərbaycanın suverenliyi uğrunda başlanan İkinci Qarabağ müharibəsində Xudayar ön cəbhədə idi. Füzuli, Cəbrayıl, Murovdağ və nəhayət, Zəngilan – bu torpaqların azadlığı üçün döyüşdü. Ən son nəfəsini də vətən üçün verdi. 22 oktyabr 2020-ci ildə Zəngilanın Ağbənd istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid oldu.
Amma Xudayar Yusifzadə yalnız döyüş meydanındakı qəhrəmanlığı ilə yox, həm də "Vətən yaxşıdır" təsnifini səngərdə oxuyaraq, minlərlə insanın qəlbinə və yaddaşına yol tapdı. O təsnif, o səs bu millətin ruhuna hopdu. Xudayar özü də bu nəğmə ilə dastana döndü. Elə buna görə də xalq həmin ifaya "Xudayar təsnifi" adını verdi.
Bu gün Xudayarın doğum günüdür. Amma biz onu yalnız bir doğumla deyil, bir dirçəlişlə, bir nümunə ilə xatırlayırıq. O, əsl vətən oğlu idi. Dövlətimiz onun qəhrəmanlığını yüksək qiymətləndirdi — ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Zəngilanın azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edildi.
Bu gün onun adı məktəblərdə, küçələrdə, və ən əsası könüllərdə yaşayır.
Xudayar ölmədi. O, bir xalqın hekayəsinə çevrildi.
Doğum günün mübarək, Xudayar!
Ayhan
12:00 15.07.2025
Oxunuş sayı: 943