"Əbu-Dabi görüşü tarixi nailiyyətdir" - Deputat

Azərbaycan-Ermənistan müharibəsindən beş il keçməsinə baxmayaraq, rəsmi Bakının ardıcıl və prinsipial sülh çağırışları uzun müddət qarşı tərəfdən adekvat cavab almamışdır. Ermənistan, ötən illər ərzində nəinki sülhə açıq mövqe nümayiş etdirmiş, əksinə, beynəlxalq vasitəçilərlə aparılan danışıqlarda prosesi uzatmaq və vəziyyəti dəyişməz saxlamaq niyyəti ilə çıxış etmişdir. Təəssüf ki, bu vasitəçilərin bir çoxu da zaman-zaman tərəfsiz mövqe sərgiləmək əvəzinə, öz maraqlarını önə çəkərək prosesin dalana dirənməsinə səbəb oldu. Bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan öz sülh təşəbbüsündə israrlı olmuş və bu iradəsini dəfələrlə beynəlxalq ictimaiyyətə bəyan etmişdir. Nəhayət, bu təşəbbüs Əbu-Dabidə keçirilən birbaşa danışıqlarla nəticə verdi. İlk dəfə olaraq vasitəçilərsiz baş tutan görüş, Azərbaycanın bölgədə sülhün təminatçısı və Qafqazda sabitliyin əsas dayağı olduğunu bir daha sübut etdi. Azərbaycan göstərdi ki, milli maraqlarını qorumaqla yanaşı, regionda uzunmüddətli və davamlı sülhün qurulmasında da həlledici rola malikdir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu Crossmedia.az-a açıqlama verib: “Azərbaycan prezidentinin Əbu-Dabiyə səfəri bir sıra məsələlərlə yadda qaldı. Bu həm Birləşmiş Ərəb Əmirlikləri ilə əməkdaşlığın inkişaf etdirilməsi, ən əsası Əbu-Dabidə keçirilən Ermənistan-Azərbaycan arasında sülh danışıqlarının müzakirə edilməsiylə yadda qaldı. Biz burda təmamilə yeni formatda və ikitərəfli qaydada mümkün sülhün müzakirə edildiyini gördük. Heç bir vasitəçi olmadan 5 saat davam edən görüş müzakirələrin ətraflı və detallar üzərində aparılmasından xəbər verir. Bu da həm vasitəçisiz həm də sərbəst milli iradə ilə aparılan danışıqlar konteksində diplomatiya tarixində yeni bir hadisədir. Çünki bütün münaqişələrlə bağlı hegemon güclər çalışır ki, kənar müdaxilə olsun və tərəflərin iradəsi əsasında yox, vasitəçilərin maraqları əsasında sülh baş tutsun. Azərbaycanın təşəbbüsü ilə keçirilən görüş və Azərbaycanın hazırladığı sülh konsepsiyasının erməni nümayəndələri tərəfindən qəbul olunması onu göstərir ki, bu format daha doğrudur. Məhz bu mənada bu görüş tarixi nailiyyət kimi qiymətləndirilməlidir”.
Ayhan
15:53 11.07.2025
Oxunuş sayı: 792