PKK silahlıları İraqda silahı yerə qoydu



PKK terror təşkilatına bağlı bir qrup silahlı şəxs İraqın şimalında Süleymaniyyə şəhərində keçirilən mərasimdə silahı yerə qoyduqlarını bəyan ediblər.
Crossmedia.az Halk TV telekanalına istinadla bildirir ki, özlərini “Sülh və Demokratik Cəmiyyət Qrupu” adlandıran qrup mərasimdən dərhal sonra yazılı bəyanat yayımlayıb. Bəyanatda qeyd olunub ki, onlar bu addımı PKK lideri Abdullah Öcalanın 19 iyun 2025-ci il tarixli açıqlamasına cavab olaraq atıblar. Qrupun hərəkəti eyni zamanda 5-7 may tarixlərində keçirilmiş PKK-nın 12-ci qurultayının qərarlarına əsaslanır.
“Biz bura könüllü şəkildə gəlmişik və silahlarımızı burada öz iradəmizlə məhv edirik. Ümid edirik ki, bu addım xüsusilə qadınlara və gənclərə, Türkiyə və Yaxın Şərq xalqlarına, eləcə də bütün insanlığa xeyir verəcək,” – deyə bəyanatda vurğulanır.
Qeyd edək ki, silahı yerə qoyan qrup eyni zamanda bölgə və dünya güclərinə müraciət edərək, “xalqımızın qanuni və demokratik hüquqlarına hörmət göstərməyə və sülh yolu ilə nizamlanma prosesini dəstəkləməyə” çağırıb.
Fidan Xəlilova
14:00 11.07.2025
Oxunuş sayı: 1145