Rusiya Donetskdə daha bir yaşayış məntəqəsini ələ keçirdiyini açıqladı


Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətində yerləşən Tolstoy adlı yaşayış məntəqəsinin nəzarətə götürüldüyünü bildirib. Rəsmi Moskvaya görə, bu kənd 2022-ci ildən etibarən Rusiyanın bir hissəsi hesab olunur.
Crossmedia.az xəbər verir ki, nazirliyin yaydığı məlumata əsasən, “Şərq Hərbi Qrupu”nun qətiyyətli əməliyyatları nəticəsində “Donetsk Xalq Respublikasının Tolstoy yaşayış məntəqəsi azad edilib”. Həmçinin, son 24 saat ərzində Ukraynaya məxsus 226 pilotsuz uçuş aparatının (PUA) məhv edildiyi, onlardan 86-sının Moskva daxil olmaqla Rusiyanın müxtəlif bölgələri üzərində vurulduğu qeyd edilib.
Qeyd edək ki, iyulun 7-də Rusiya Müdafiə Nazirliyi Dnipro və Sumi vilayətlərində də iki yaşayış məntəqəsinin nəzarətə götürüldüyünü açıqlamışdı.
Bununla yanaşı, Ukraynalı prokurorlar Rusiyanın Donetskdə yerləşən iki şəhərə bu gün həyata keçirdiyi PUA və bomba hücumları nəticəsində səkkiz mülki şəxsin həyatını itirdiyini bildiriblər.
Hücum, ABŞ Prezidenti Donald Trampın Ukraynaya silah tədarükünü artıracağını bəyan etməsi və Rusiya Prezidenti Vladimir Putini Ukrayna məsələsində “ağlasığmaz davranmaqda” ittiham etməsindən dərhal sonra baş verib.
Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın ümumilikdə 728 PUA və 13 raketlə hücum etdiyini, hava hücumundan müdafiə sistemlərinin isə 711 PUA və 7 raketi zərərsizləşdirdiyini bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabında paylaşdığı açıqlamada hücumu “çox mənalı” adlandırıb:
“Bu çox manidar bir hücumdur və sülhün bərqərar olması, atəşkəsin əldə edilməsi üçün bu qədər səylərin göstərildiyi bir vaxtda baş verir. Amma Rusiya bu cəhdləri davamlı olaraq geri çevirir”.
Hazırda Roma şəhərində Papa və digər dövlət rəsmiləri ilə görüşlər keçirən Zelenski, müttəfiq ölkələrə Rusiyaya qarşı tətbiq olunan sanksiyaları gücləndirməyə çağırıb. O, xüsusilə Rusiyanın əsas gəlir mənbələrindən biri olan enerji sektorunun hədəfə alınmasının vacibliyini vurğulayıb.
“Ortaqlarımız, Rusiyanı yeni hücumlar təşkil etmək əvəzinə, müharibəni dayandırmaq barədə düşünməyə məcbur edəcək təzyiq mexanizmlərini yaxşı bilirlər”, – deyə Zelenski əlavə edib.
Mədinə Cəlilova
20:20 09.07.2025
Oxunuş sayı: 697