Qazaxıstan ABŞ-ın 25 faizlik rüsum qərarına reaksiya verdi

ABŞ hökumətinin avqustun 1-dən etibarən Qazaxıstandan idxal olunan bəzi məhsullara 25 faiz gömrük rüsumu tətbiq edəcəyi ilə bağlı qərarı rəsmi Astanada narahatlıqla qarşılanıb. Qazaxıstan Ticarət və İnteqrasiya Nazirliyi məsələ ilə bağlı ilkin açıqlama verib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Nazirlik bu addımı diqqətlə izlədiklərini və rəsmi cavabın yaxın günlərdə ictimaiyyətə təqdim olunacağını bəyan edib.
Qurumdan verilən açıqlamada qeyd olunub ki, Qazaxıstan tərəfi bu qərarı təəssüf hissi ilə qarşılayır, lakin qarşılıqlı münasibətlərə zərər vurmamaq üçün ehtiyatlı və konstruktiv mövqe tutur. Nazirlik xüsusi vurğulayıb ki, hazırda ABŞ-a qarşı hər hansı cavab tədbiri nəzərdə tutulmur və verilən şərhlər heç bir halda kəskin və emosional addımlar üçün siqnal kimi qiymətləndirilməməlidir.
Məlumata görə, ABŞ-ın tətbiq etdiyi rüsumlar daha çox metallurgiya, kənd təsərrüfatı və tekstil sahələrini əhatə edə bilər. Bu isə Qazaxıstanın ixrac potensialına və yerli sahibkarların gəlirinə mənfi təsir göstərə bilər. İqtisadi dairələrdə rüsumların orta və uzunmüddətli nəticələri ilə bağlı narahatlıqlar səslənməkdədir.
Qazaxıstan hökuməti dialoq və diplomatiyanı ön plana çəkərək, yaranmış vəziyyətin hər iki ölkənin maraqlarına uyğun şəkildə həll olunmasına ümid etdiyini bildirib. Rəsmi Astana ABŞ-la iqtisadi əlaqələrin qorunub saxlanmasını və mümkün qədər zərərsiz həll yollarının tapılmasını prioritet hesab edir.
Hazırda Ticarət Nazirliyi ABŞ-la danışıqlar üçün ekspert qrupları hazırlayır. Eyni zamanda, daxili bazarın qorunması, ixracatçıların dəstəklənməsi və potensial itkilərin minimuma endirilməsi üçün mümkün mexanizmlər üzərində iş aparılır.
Zəhra Ağayeva
11:04 09.07.2025
Oxunuş sayı: 932