Ərbildə klanlar arasında silahlı qarşıdurma: Harki və Goran münaqişəsi genişlənir

İraq Kürdüstanının paytaxtı Ərbilin kənarlarında silahlı qarşıdurmalar baş verib. Harki klanına mənsub silahlı dəstələrlə peşmərgə qüvvələri arasında toqquşmalar qeydə alınıb. Qarşıdurmaların səbəbi iki güclü kürd klanı – Harki və Goran arasında son həftələrdə artan torpaq mübahisələridir.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, regiondakı gərginlik bir neçə həftədir davam edirdi və artıq silahlı insidentlərə çevrilib. Vəziyyətə müdaxilə edən Kürdüstan hökuməti qəbilə özünüidarə zonalarında “torpaq islahatı” aparılacağını açıqlayıb. Lakin Harki klanı bu qərarı qəti şəkildə rədd edib.
Bu gün günorta saatlarında Peşmərgə qüvvələri Harki klanının nəzarətində olan ərazilərdə əməliyyata başlayıb və klanın nüfuzlu nümayəndələrindən biri – Xurşid Harkinin həbs olunması barədə göstəriş verilib. Cavab olaraq Harki klanı yolları bağlayıb və peşmərgə kolonlarına qarşı pusqu hücumlarına başlayıb. İlkin məlumatlara görə, toqquşmalarda azı üç nəfər həyatını itirib.
Kürdüstan Regional Hökuməti Harki tərəfinə yolları açmağı və silahlı müqavimətə son qoymağı tələb edib. Lakin rəsmi cavab verilmədiyindən axşam saatlarında toqquşmalar daha da şiddətlənib və tammiqyaslı hərbi əməliyyatlara çevrilib.
Bəzi məlumatlara görə, Harki klanının ağsaqqalları Kürdüstan Baş naziri Məsrur Bərzani ilə paralel danışıqlar aparır. İddialara əsasən, klan Xurşid Harkinin formal olaraq həbs olunub qısa müddət sonra azadlığa buraxılması barədə razılaşmaya hazırdır. Bu, hər iki tərəfin nüfuzunu qorumağa yönəlmiş kompromis kimi qiymətləndirilir.
Eyni zamanda məlum olub ki, Harki klanına Barzani ailəsinin dominantlığından narazı olan digər kürd klanları və bir sıra kiçik qəbilələr də qoşulub. Harki lideri Cavhar Ağa digər kürd klanlarını Ərbil istiqamətində birgə hərəkətə çağırıb.
Tarixən Harki konfederasiyası Kürdüstanın şimalında – İran, İraq və Türkiyə sərhədində yerləşən dağlıq bölgələrdə məskunlaşmış ən qədim və nüfuzlu qəbilələrdən sayılır. Qeyd edək ki, Harki və Barzani ailələri arasında gərgin münasibətlərin kökləri ötən əsrin əvvəllərinə gedib çıxır. 1994-cü ildə torpaq mübahisələri bu iki tərəf arasında silahlı qarşıdurmalara səbəb olmuşdu. Həmin vaxt Harki klanı Cəlal Tələbaniyə sadiq qalaraq onun rəhbərlik etdiyi Kürdüstanın Vətənpərvər İttifaqının (PUK) tərəfində çıxış etmişdi.
Zəhra Ağayeva
10:54 09.07.2025
Oxunuş sayı: 884