Avropa Parlamenti Bolqarıstanın avroya keçidini təsdiqləyib

Avropa Parlamenti Bolqarıstanın avrozonaya daxil olmaq üçün müraciətini təsdiqləyib. Bu qərar ölkənin avronu rəsmi valyuta kimi qəbul etməsinə bir addım da yaxınlaşması deməkdir. Qeyd edək ki, son həftələrdə Bolqarıstanda minlərlə insanın avroya keçidə qarşı etiraz aksiyaları keçirməsinə baxmayaraq, qərar əksəriyyət səsilə qəbul olunub.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Avropa Parlamenti çərşənbə axşamı günü keçirilən səsvermədə Bolqarıstanın avrozonaya daxil olması üçün bütün tələblərə cavab verdiyini təsdiqləyən hesabatı qəbul edib. 531 deputat sənədin lehinə səs verib, 69 nəfər əleyhinə, 79 nəfər isə bitərəf qalıb.
Məsələyə münasibət bildirən hesabatçı Eva Maydell Avropa Parlamentindəki çıxışında qeyd edib: “Bu günki səsvermə açıq mesaj verir – Bolqarıstan avrozonaya qoşulmağa hazırdır”. O, əlavə edib ki, bütün meyarlar yerinə yetirilib və bu addım Bolqarıstan və onun vətəndaşları üçün Avropa ilə tam inteqrasiyanın vacib mərhələsidir.
Qərarın qüvvəyə minməsi üçün Avropa İttifaqı Şurası – yəni üzv dövlətlər də bu addımı təsdiqləməlidir. Avropa Parlamentinin məlumatına görə, üzv dövlətlərin həmin təsdiqi çərşənbə axşamının sonuna qədər verəcəyi gözlənilir. Bolqarıstanın 2026-cı ilin yanvarından avronu rəsmi valyuta kimi istifadəyə başlaması planlaşdırılır.
Son aylar ərzində Bolqarıstanda avroya keçidə qarşı bir sıra etirazlar keçirilib. Etirazçılar bu dəyişikliklərin ölkə iqtisadiyyatına mənfi təsir göstərə biləcəyindən narahatlıqlarını ifadə ediblər. Bununla belə, parlamentin səsverməsi Bolqarıstan hakimiyyətinin avrozonaya daxil olmaq istiqamətində irəlilədiyini göstərir.
19:45 08.07.2025
Oxunuş sayı: 1033