Ermənistanın sabiq müdafiə naziri torpaq qalmaqalı ilə ittiham olunur

Ermənistanın keçmiş müdafiə naziri, hazırda parlamentdə “Ermənistan” fraksiyasının rəhbəri olan Seyran Ohanyana qarşı rəsmi ittiham irəli sürülüb. Bu barədə Ohanyan yerli mediaya açıqlamasında məlumat verib. O bildirib ki, dindirilib və ona qarşı irəli sürülən ittihamla razılaşmır: “Məni dindirdilər, ittiham irəli sürdülər. Bu ittihamla razı deyiləm və səhhətimlə bağlı problemlərə görə ifadə vermədim” – deyə o qeyd edib. Ohanyan əlavə edib ki, istintaq sirrinin yayılmaması ilə bağlı sənədi imzalayıb.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Ermənistan parlamenti Seyran Ohanyanın deputat toxunulmazlığını ləğv etdikdən sonra ona qarşı rəsmi ittiham irəli sürülüb. İstintaqın məlumatına görə, keçmiş nazir 2010–2015-ci illərdə ümumilikdə 10,5 min kvadratmetr torpaq sahəsini qanunsuz olaraq mənimsəyib. Həmin ərazidə sonradan bir malikanənin inşa olunduğu iddia edilir.
18:37 08.07.2025
Oxunuş sayı: 816