Ərdoğanla Özgür Özel arasında gərginlik artır: CHP liderinin toxunulmazlığı müzakirədə

Türkiyədə hakimiyyətlə müxalifət arasında siyasi gərginlik daha da dərinləşib. Cumhuriyyet-in məlumatına görə, CHP lideri Özgür Özelin deputat toxunulmazlığının ləğvi ilə bağlı parlamentə rəsmi sorğu göndərilib. Bu addım Özelin son açıqlamalarından sonra atılıb. Belə ki, bir neçə şəhərin bələdiyyə sədrinin saxlanmasına etiraz olaraq, o, Prezident Rəcəb Tayyib Ərdoğanı “diktator” adlandırmışdı.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, bu açıqlamadan sonra Türkiyə Prokurorluğu Özgür Özel barəsində “hakimiyyətə qarşı təhqir” ittihamı ilə istintaqa başlayıb. Prezident Ərdoğan isə ona qarşı iddia qaldıraraq müxalifət liderini hüquqi məsuliyyətə cəlb etməyə çalışır. O, CHP-ni və müttəfiqlərini “cinayətkarlara bəraət qazandırmaqda” ittiham edib.
Hadisə Türkiyə siyasətində iqtidar-müxalifət münasibətlərinin daha da sərtləşdiyini göstərir. Müşahidəçilər hesab edirlər ki, bu proses həm də yaxın perspektivdə parlament müzakirələrində gərginliyin artmasına səbəb ola bilər. Özgür Özel tərəfdarları onun sözlərinin siyasi fikir azadlığı çərçivəsində ifadə olunduğunu, iqtidar isə bunun dövlətin rəmzlərinə və siyasi sabitliyə qarşı yönəldiyini bildirir.
18:30 08.07.2025
Oxunuş sayı: 646