Məhv edilmiş erməni hərbi qulluqçunun anası: "Qarabağı əvvəlkilər verdilər? Keyfiyyətsiz, çatlamış daşı da əvvəlkilər qoydular?"

44 günlük müharibədə məhv edilmiş erməni hərbi qulluqçu Azat Macaryanın anası Narine Qriqoryan artıq 4 ildir ki, Ermənistanın bütün dövlət qurumlarının qapılarını döyür, oğlunun "Yerablur" qəbiristanlığındakı məzar daşının dəyişdirilməsini xahiş edir.
Crossmedia.az xəbər verir ki , bu barədə Ermənistanın "168.am" nəşri yazıb.
Nəşr qeyd edib ki, daş çatlayıb, nəticədə yağış suları oğlunun şəkilinə də ziyan vurub. Qəbir daşı da çatlamış vəziyyətdədir, əgər tezliklə dəyişdirilməsə, nəticələr geri dönməz olacaq.
Macaryan Qarabağda mövcud olmuş "Martuni 2" hərbi hissəsində qulluq edib, 2020-ci il oktyabrın 24-də məhv edilib. Tərxis olunmasına cəmi 2 ay qalırdı.
Narine Qriqoryanın sözlərinə görə, oğlunun məzar daşı ilə bağlı məsələni 2024-cü ildə birbaşa Nikol Paşinyana da çatdırıb, lakin heç bir həll olmayıb.
"Mən onlara padşah vermişəm, amma taxta almışam. Əvvəlcə istəyirdim oğlumu ailəvi qəbiristanlığa aparım, amma mənə dedilər ki, sizin oğlunuz "qəhrəman"dır, "qəhrəmanlar"la yanaşı dəfn olunmalıdır. Bura mənim üçün oğlumun evidir, bura gəlirəm, rahatlaşıram, oğlumla danışıram, dərdimi danışıram, çünki Azat mənim dayaq və arxam olub, onu təkbaşına böyütmüşəm.
İndi "Yerablur"a gəlirəm ki, rahat olum. Amma görürəm ki, məzar daşı zədələnib. Nə üçün? Əgər keyfiyyətsiz daş idisə, niyə qoyulmasına icazə verildi? Bilmirəm kimi günahlandırım, hər dəfə "əvvəlki" və "indiki" sözlərini eşitdikcə daha da əsəbiləşirəm, bu sözlərə nifrət edirəm. Qarabağı əvvəlkilər verdilər? Keyfiyyətsiz, çatlamış daşı da əvvəlkilər qoydular? İndi oğlumu istəyirəm, verə bilərlərmi mənə? Heç olmasa məzar daşı düz olaydı", - deyə o qeyd edib.
17:46 08.07.2025
Oxunuş sayı: 952