Erməni vitse-spikeri: “Kilsə ətrafında baş verənlər onun xeyrinədir”

Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan jurnalistlərə açıqlamasında bildirib ki, Ermənistan Apostol Kilsəsi ətrafında baş verən proseslər kilsəyə qarşı deyil, əksinə onun xeyri üçün həyata keçirilir.
Crossmedia.az erməni KİV-nə istinadən bildirir ki, Arşakyan bu fikirləri Baş nazir Nikol Paşinyanın Katolikosun vəzifədən kənarlaşdırılması və onun iqamətgahının “azad olunması” ilə bağlı yayılan səs yazılarına, eləcə də kilsəyə qarşı hərəkatın başında durmağa hazır olduğunu ifadə etdiyi məlumatlara münasibət bildirərkən səsləndirib.
“Tam əminliklə deyə bilərəm ki, bütün bunlar Kilsənin, onun ləyaqətinin və erməni xalqı üçün normal bir kilsənin mövcudluğu naminə edilir. Atılan addımlar da məhz buna gətirib çıxaracaq,” – deyə Arşakyan qeyd edib.
O əlavə edib ki, mənəviyyatdan danışmaq hüququ, özü mənəvi qaydalara əməl etməyənlərə aid deyil. Onun sözlərinə görə, indiyə qədər Katolikosun ünvanına yönəldilmiş suallara cavab verilməyib.
“Baş verənləri fərdlərlə əlaqələndirib bütövlükdə sistemi ittiham etmək düzgün deyil. Əgər bu prosesləri sistemə aid etmək istəyiriksə, bunu da onun sağlamlaşdırılması üçün etdiyimizi unutmamalıyıq,” – deyə vitse-spiker bildirib.
15:50 08.07.2025
Oxunuş sayı: 1109