İsraildə Netanyahunun sözçüsü barəsində peşədən uzaqlaşdırma qərarı verildi

İsrail Baş naziri Benyamin Netanyahunun sözçüsü və eyni zamanda vəkil olan Ziv Aqmon barəsində peşədən uzaqlaşdırma qərarı verilib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, İsrail Vəkillər Kollegiyasının intizam məhkəməsi, Aqmonu “müvəkkilə qarşı sədaqət borcunu pozmaq, vəkillik nüfuzuna xələl gətirmək və peşəyə yaraşmayan davranışlar sərgiləməkdə” təqsirli bilib. Məhkəmənin qərarına əsasən, Aqmon vəkillik fəaliyyətindən uzaqlaşdırılıb.
Lakin Aqmon bu qərara etiraz edərək işə Yerusəlim Regional Məhkəməsində baxılmasını tələb edib. Etiraz nəticəsində intizam qərarı yekun hökmdən əvvəllik statusunu itirib və müvəqqəti olaraq dayandırılıb. Aqmonun iştirakı ilə keçiriləcək məhkəmə iclasının bu həftə baş tutacağı gözlənilsə də, onun ABŞ Prezidenti Donald Trampla görüşəcək olan Netanyahunun Vaşinqtona səfərində onu müşayiət etməsi səbəbilə prosesin təxirə salınması istənilib.
Nə baş vermişdi?
İşə 2023-cü ilin dekabrında baxılmağa başlanılıb. İddialara görə, Aqmon 2018-ci ildə bir daşınmaz əmlak razılaşmasında alıcı müştərini təmsil edib. Müştəri ona 1,7 milyon şekel (təxminən 510 min dollar) məbləğində vəsait ötürüb. Razılaşmaya əsasən, Aqmon bu pulu layihə icazələri tam alınana qədər etibarlı bir investisiya vasitəsində saxlamalı və daha sonra satıcıya köçürməli idi. Lakin o, 15 gün sonra, hələ lazımi sənədlər tamamlanmadan vəsaiti satıcıya ötürüb.
Aqmon bu addımın onun yox, firmada çalışan bir işçinin xətası olduğunu iddia etsə də, məhkəmə nə onu, nə də şahidlərini inandırıcı hesab etməyib. Hakimlərdən biri onun davranışlarını “məntiqsiz və məsuliyyətsiz” adlandırıb, digəri isə “ağır səhlənkarlıq” etdiyini bildirib.
İntizam qərarına baxmayaraq, Aqmonun etirazı səbəbilə bu qərar hələ yekun sayılmır və o, dövlət vəzifəsinə təyinat zamanı bunu bəyan etməyə hüquqi olaraq məcbur deyil.
Qeyd edək ki, Aqmon uzun illər Netanyahunun rəhbərlik etdiyi Likud Partiyasında fəaliyyət göstərib və iyun ayında İranla bağlı “ağır media yükü” səbəbilə baş nazirin ikinci sözçüsü təyin olunub. Mövcud sözçü Omer Dostri yaxın günlərdə vəzifədən ayrıldıqdan sonra Aqmonun əsas sözçü postuna keçməsi gözlənilir.
Mədinə Cəlilova
04:30 08.07.2025
Oxunuş sayı: 598