Rusiya ilə gərginliyin səbəbkarı Azərbaycan deyil — DEPUTAT

Son zamanlar Azərbaycan-Rusiya münasibətləri regional və beynəlxalq kontekstdə diqqət mərkəzindədir. Tarixi qonşuluq və strateji əməkdaşlıq çərçivəsində formalaşan bu əlaqələr, geosiyasi dəyişikliklər fonunda yeni çağırışlarla üz-üzədir. Mediada yayılan məlumatlara görə Rusiya tərəfindən problemlərin həlli üçün xüsusi, qeyri-rəsmi nümayəndə heyətinin formalaşdırılması mümkün ola bilər. Belə bir nümayəndə heyətinin formalamışdırılması nəyi dəyişəcək?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlu ilk olaraq bildirib ki, Rusiya Azərbaycanın qonşusudur və Azərbaycan daim çalışıb ki, bu qonşuluq münasibətlərində balanslı, əməkdaşlığa əsaslanan yanaşma sərgiləsin: “Azərbaycan heç vaxt Rusiya ilə qarşıdurma yolu tutmayıb. Əksinə, hər zaman maraqlarını uzlaşdırmağa, münasibətləri tənzimləməyə səy göstərib. Lakin təəssüf ki, Rusiya hələ də post-sovet məkanındakı ölkələrə, o cümlədən Azərbaycana bərabərhüquqlu tərəfdaş kimi baxmaq istəmir. Bu da, fikrimcə, Rusiya Federasiyasının siyasi eqosu ilə bağlıdır. Amma artıq reallıq dəyişib. Bu reallığı nə qədər tez qəbul etsələr, münasibətlər də bir o qədər sağlam və sabit ola bilər. Rusiya ilə 2022-ci ildə imzalanan müttəfiqlik haqqında bəyannamədə bərabərhüquqlu tərəfdaşlıq və daxili işlərə qarışmamaq prinsipləri öz əksini tapsa da, bu sənədin də taleyi əvvəlkilərdən fərqlənməyə bilər. Biz Rusiya ilə 2022-ci ildə müttəfiqlik haqqında bəyannamə imzaladıq. Bəyanatda çox önəmli müddəalar – bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı hörmət və daxili işlərə qarışmamaq prinsipləri qeyd olunub. Amma təəssüf ki, Rusiya tarixən imzaladığı sənədləri tez bir zamanda kağız parçası kimi nəzərdən keçirməyə adətkardır. Çar Rusiyası dövründən Sovet dövrünə və bu günkü Rusiya Federasiyasına qədər bu siyasi yanaşma dəyişməyib. Ukrayna məsələsində də bunu açıq şəkildə gördük”.
Deputat bildirib ki, Rusiya Ukraynanın ərazi bütövlüyünü təminat altına alan sənədi imzalasa da, daha sonra bu öhdəliyi pozub: “Rusiya ilə münasibətlərdə emosiyaya qapılmaq olmaz. Orada siyasi qərarlar emosional yox, strateji və çox zaman imperiya maraqlarına söykənir. Hazırda iki tərəf arasında gərginliyin azaldılması istiqamətində müəyyən addımlar atılır. Rusiya mediasında təbliğatın tonu dəyişib; müxalif partiyaların təmsilçiləri, o cümlədən Slutiskinin Azərbaycan Prezidenti haqqında müsbət fikirlər səsləndirməsi bunun nümunəsidir. Amma bu, Rusiya tərəfinin səmimi şəkildə gərginliyi azaltmaq istədiyi anlamına gəlmir. Mediada yayılan məlumatlar – xüsusi, qeyri-rəsmi nümayəndə heyətinin formalaşdırılması ehtimalı – tamamilə real görünür. Doğrudan da, belə bir nümayəndə heyəti formalaşıbsa, bu, mütləq dərin strateji məsələlərin müzakirəsi üçün nəzərdə tutulub. Bu cür proseslərdə diplomatiya ön plandadır və Azərbaycan hər zaman dialoqa açıq olub. Ən kritik anlarda belə, biz diplomatiyanın yolunu bağlamamışıq. Həmçinin, əgər bu cür dialoqlar və təmaslar baş verirsə, gələcəkdə iki dövlət başçısının birbaşa telefon danışığı da mümkündür. Rusiya Prezidenti Putin birbaşa müdaxiləni sevən liderdir. Əgər bu proseslər doğrudursa, gələcəkdə dövlət başçıları arasında telefon danışığının şahidi ola bilərik. Azərbaycan üçün əsas olan öz maraqlarını qorumaqdır və bu baxımdan qeyri-rəsmi dialoqlar da daxil olmaqla, bütün kanallardan istifadə etmək mümkün və məqsədəuyğundur”.
Fidan Qarayeva
20:40 07.07.2025
Oxunuş sayı: 1446