Avropaya girişdə yoxlamalar gücləndirildi: Polşa yenidən sərhədlərdə nəzarətə başladı

Polşa Almaniya və Litva ilə quru sərhədlərində miqrasiya nəzarətini gücləndirmək məqsədilə sərhəd yoxlamalarına yenidən başlayıb. Rəsmi məlumatlara görə, həyata keçirilən tədbirlərə aralarında pilotsuz uçuş aparatları bölmələrinin də olduğu 5 min hərbi qulluqçu cəlb olunacaq.
Crossmedia.az xəbər verir ki, Polşanın dövlət yayım orqanı “TVP World”-ün məlumatına əsasən, yoxlamalar Almaniya ilə sərhəddə 52, Litva ilə isə 13 məntəqədə tətbiq olunacaq və ilkin mərhələdə 30 gün davam edəcək. Qərbdə 13, şimal-şərqdə isə 3 keçid məntəqəsində daimi nəzarət təmin ediləcək, digər məntəqələrdə isə yoxlamalar təsadüfi qaydada aparılacaq.
Sərhəd nəzarətinin bərpa olunmasına səbəb kimi Almaniya ilə sərhəddə miqrantların geri qaytarılması, Litva ilə sərhəddə isə Rusiya və Belarusun Baltik ölkələri üzərindən Polşaya miqrant yönləndirməsi siyasəti göstərilir.
Yoxlamaların başlanmasından dərhal sonra, Litva sərhədindən dörd Əfqanıstan vətəndaşını qeyri-qanuni şəkildə keçirdiyindən şübhələnilən Estoniya vətəndaşı olan sürücü saxlanılıb.
Polşanın İnfrastruktur naziri Daryuş Klimçak (Dariusz Klimczak) Almaniya ilə sərhəddə yerləşən Şvyetsko (Swiecko) şəhərində keçirdiyi mətbuat konfransında bildirib ki, müvafiq qurumlar sərhəd nəzarətinin bərpa olunması üçün tam hazırlıqlıdır.
Digər tərəfdən, Almaniyanın miqrantları geri qaytarmasına qarşı çıxan və özlərini “vətəndaş patrulları” adlandıran yüzlərlə insan Polşanın Almaniya ilə sərhəd bölgələrində etiraz aksiyaları keçirib.
Qeyd edək ki, Almaniya qeyri-qanuni miqrasiyaya qarşı mübarizə çərçivəsində quru sərhədlərində tətbiq etdiyi polis nəzarətini 15 sentyabra qədər uzadıb.
Mədinə Cəlilova
20:10 07.07.2025
Oxunuş sayı: 641