İsrailin gizlətdiyi həqiqəti Britaniya mətbuatı üzə çıxardı

“The Telegraph” qəzetinə təqdim edilən peyk görüntüləri İsrailin hərbi hava bazası, kəşfiyyat mərkəzi və logistika obyektlərinin İran tərəfindən raketlərlə vurulduğunu göstərib.
Crossmedia.az xəbər verir ki, Britaniyanın nüfuzlu nəşri peyk radar məlumatlarına əsaslanaraq, 12 gün davam edən müharibə zamanı İran raketlərinin İsraildə beş hərbi obyektə birbaşa isabet etdiyini ortaya çıxarıb. İsrail rəsmiləri bu hücumlar barədə ictimaiyyətə heç bir açıqlama verməyib və sərt hərbi senzura qanunları səbəbindən ölkə daxilində də məlumatların yayılması qadağandır.
Bu yeni məlumatlar ABŞ-nin Oreqon Dövlət Universitetində fəaliyyət göstərən və müharibə bölgələrindəki partlayış zərərini peyk radarları vasitəsilə araşdıran ekspertlər tərəfindən toplanaraq “The Telegraph”-la bölüşülüb.
Tədqiqatda bildirilir ki, İsrailin şimal, cənub və mərkəzi hissələrində yerləşən bu beş obyektə — onların arasında böyük bir hava bazası, kəşfiyyat toplama mərkəzi və logistika bazası da var. Ümumilikdə altı İran raketi dəymişdir.
Bu hücumlar, İsrailin hava hücumundan müdafiə sistemlərini yararaq yaşayış və sənaye infrastrukturuna ziyan vuran 36 digər hücuma əlavə edilib.
Ekspertlər bildirirlər ki, İran raketlərinin böyük hissəsi zərərsizləşdirilsə də, qarşılıqlı hücumların ilk səkkiz günü ərzində dəqiqliklə hədəfə çatan raketlərin nisbəti artıb. Münaqişənin yeddinci günündən etibarən atılan raketlərin təxminən 16%-i İsrailin hava müdafiə sistemini yararaq hədəflərinə çatıb. Bunun səbəbləri tam bəlli olmasa da, ehtimal olunur ki, İsrailin raket əleyhinə sursat ehtiyatı tükənib və İran daha inkişaf etmiş taktikalardan və texnologiyadan istifadə edib.
İsrailin hava müdafiə sistemi üç əsas qatdan ibarətdir. Ən məşhuru olan “Dəmir qübbə” qısa mənzilli hücumlardan qorumaq üçün nəzərdə tutulub. Orta mərhələdə, 300 km-ə qədər olan hava hücumlarına qarşı “Davudun sapandığı” sistemi yerləşir. Ən yüksək qat isə “Arrow” adlı sistemlə təchiz olunub və bu, uzun mənzilli ballistik raketləri atmosferə daxil olmadan əvvəl məhv edir.
Bununla yanaşı, 12 günlük müharibə ərzində İsrailin hava müdafiəsi ABŞ-nin quruda yerləşən iki THAAD sistemi və Qırmızı dənizdəki ABŞ gəmi bazalı raketlər vasitəsilə də dəstəklənib.
Münaqişəni başladan hadisə isə iyunun 13-də İsrailin İranda, o cümlədən nüvə obyektləri və yüksək rütbəli hərbi rəhbərliyə qarşı genişmiqyaslı hücumları olub. 22 iyunda ABŞ İranın Natanz, Fordo və İsfahan şəhərlərindəki üç nüvə obyektini hədəf alıb. Bunun cavabında İran 23 iyunda ABŞ-nin Qətərdə yerləşən Əl-Udeyd hərbi bazasına raket zərbəsi endirib.
İyunun 24-də ABŞ prezidenti Donald Tramp İsraillə İran arasında atəşkəsin əldə olunduğunu elan edib.
Mədinə Cəlilova
21:20 06.07.2025
Oxunuş sayı: 741