HƏMAS Qəzzada atəşkəs üçün 3 əsas şərtini açıqlayıb

Qəzza zolağında atəşkəs və əsir mübadiləsi ilə bağlı yeni təklif üzərində danışıqlar davam edir. HƏMAS-ın bu təklifə verdiyi cavabda irəli sürdüyü şərtlərin detalları məlum olub.
Crossmedia.az xəbər verir ki, İsrail dövlət televiziyası KAN-ın məlumatına görə, HƏMAS təklifin qəbul edilməsi üçün üç əsas məsələ üzrə dəyişiklik tələb edir və bu şərtlərdə israrlıdır. Bu məsələlərin Qətərin paytaxtı Dohada keçirilən danışıqlarda müzakirə ediləcəyi bildirilib.
HƏMAS ilk olaraq, ABŞ və İsrailin nəzarətində olan və yüzlərlə fələstinlinin ölümünə səbəb olan yeni yardım paylama sisteminin ləğv edilməsini və BMT-nin mərkəzi rola malik olduğu əvvəlki humanitar yardım mexanizminə qayıdılmasını tələb edir.
İkinci əsas tələb, 60 günlük danışıqlar müddətində daimi atəşkəs razılaşması əldə olunmasa belə, İsrailin hücumlara yenidən başlamayacağına dair qarantiyanın verilməsidir. HƏMAS, İsrailin əvvəlki atəşkəs dövrlərində sərgilədiyi aqressiv mövqe səbəbilə bu zəmanəti vacib sayır.
Üçüncü tələb isə İsrail ordusunun Qəzza zolağında işğal etdiyi ərazilərdən tamamilə geri çəkilməsi və tampon zona məsələsinin ləğv olunmasıdır.
Digər tərəfdən, İsrail nümayəndə heyətinin atəşkəs danışıqları üçün Qətərin paytaxtı Dohaya getdiyi bildirilib. Heyətdə İsrail Baş naziri Benyamin Netanyahunun xarici siyasət müşaviri Ofir Falk, əsir və itkinlər üzrə koordinator Qal Hirş, eləcə də daxili və xarici kəşfiyyat orqanları olan Şabak və Mossadın yüksək vəzifəli nümayəndələri yer alıb.
Mədinə Cəlilova
20:20 06.07.2025
Oxunuş sayı: 693