Böyük layihə: Daşkənd vilayətində külək elektrik stansiyası tikiləcək

Özbəkistanın Daşkənd vilayətinin Bostanlıq rayonuna daxil olan Burçmulla (Briçmulla) qəsəbəsində külək elektrik stansiyası inşa ediləcək. Bu barədə bölgə administrasiyasının – hokimiyyətin – mətbuat xidməti məlumat yayıb.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, iyulun 1-də vilayət hokimi Zoyir Mirzayev xüsusi qərar imzalayıb. Sənədə əsasən, Energetika Nazirliyinə gələcək külək parkının yerləşdirilməsi üçün 10 hektar torpaq sahəsi ayrılıb. Layihənin ilkin dəyəri 28 milyon ABŞ dolları olaraq qiymətləndirilir və tikinti işləri qrant vəsaitləri hesabına həyata keçiriləcək.
Yeni elektrik stansiyasının gücü 20 meqavat olacaq. İl ərzində külək parkı 129,6 milyon kilovat-saat elektrik enerjisi istehsal edəcək. Bu göstərici sayəsində hər il təxminən 811 min kubmetr təbii qaz və ya 3150 ton kömürə qənaət ediləcəyi gözlənilir.
Fatimə Nəbiyeva
09:22 06.07.2025
Oxunuş sayı: 819