İlon Mask ABŞ-də yeni siyasi partiya qurdu: Trampın vergi qanununa etiraz edir

Milyarder iş adamı İlon Mask ABŞ-də “America Party” adlı yeni siyasi partiyanın yaradıldığını elan edib. Bu qərar ABŞ Prezidenti Donald Trampın imzaladığı yeni vergi və xərclər qanununa qarşı etiraz olaraq verilib. Mask yeni partiyanın əsas məqsədinin “azadlığı xalqın özünə qaytarmaq” olduğunu bildirib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Mask Trampın “böyük, gözəl” adlandırdığı vergi qanununu ölkə iqtisadiyyatı üçün təhlükəli hesab edir. O, bu qanunun ABŞ-i iflasa aparacağını deyib. Sosial şəbəkə hesabında paylaşım edən Mask qeyd edib: “İkiyə bir nisbətində siz yeni siyasi partiya istəyirsiniz və onu alacaqsınız!” O, eyni zamanda bu qanunu dəstəkləyən qanunvericilərin vəzifədən uzaqlaşdırılması üçün pul xərcləməyə hazır olduğunu vurğulayıb.
İlon Mask Trampın 2026-cı il ara seçkilərində Respublikaçıların üstünlüyünü qorumasına zərər vuracağı ehtimal olunan addımlar atır. Məlumata görə, Respublikaçılar onun bu mövqeyindən narahatlıq keçirirlər. Xatırladaq ki, Mask əvvəllər Trampın əsas kampaniya donorlarından biri olub və onun yenidən seçilməsinə milyonlarla dollar xərcləyib. Lakin vergi siyasəti ilə bağlı aralarındakı fikir ayrılığı münasibətləri korlayıb.
Tramp bu həftə Maskın şirkətlərinə ayrılan milyardlarla dollarlıq dövlət subsidiyalarını dayandırmaqla hədələyib. Buna cavab olaraq Mask Trampı ölkə büdcə kəsirini artırmaqda günahlandırıb. O, “Onsuz da dəli səviyyədə olan 2 trilyon dollarlıq büdcə kəsirini 2.5 trilyona çıxarmaq ölkəni iflasa aparacaq” sözlərini deyib.
Maskın bu açıqlamaları və Trampla yaşanan gərginlik Teslanın səhmlərinə də mənfi təsir göstərib. Şirkətin səhmləri Trampın noyabrda yenidən seçilməsindən sonra sürətlə artsa da, apreldə dəyərinin yarıdan çoxunu itirib və sonuncu dəfə 315,35 dollarla bağlanıb. Maskın maddi imkanlarına baxmayaraq, ABŞ-də 160 ildən çoxdur hökm sürən ikipartiyalı siyasi sistemi sarsıtmasının asan olmayacağını qeyd edilir.
Fatimə Nəbiyeva
08:34 06.07.2025
Oxunuş sayı: 716