İranın ali lideri İsrail-İran müharibəsindən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb

İranın ali lideri ayətullah Əli Xamenei İsrail və İran arasında baş vermiş 12 günlük müharibədən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb. Onun uzun müddət görünməməsi təhlükəsizlik tədbirlərinin ciddi şəkildə artırıldığını göstərir.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, 86 yaşlı dini liderin müharibə dövrünü təhlükəsizlik səbəbindən bunkerdə keçirdiyi ehtimal olunur. Ayətullah Xamenei şənbə günü Aşura öncəsi matəm mərasimində iştirak edib. İranın dövlət televiziyası onu Tehran şəhərində izdiham qarşısında əl yelləyərkən göstərib. Lakin onun hər hansı açıqlama verib-vermədiyi barədə məlumat yayılmayıb.
ABŞ prezidenti Donald Tramp sosial media vasitəsilə Xameneiyə xəbərdarlıq edərək, ABŞ-nin onun yerini bildiyini, lakin “ən azı hələlik” onu öldürmək niyyətində olmadıqlarını bildirib. Tramp bu açıqlamanı ABŞ-nin münaqişəyə qoşularaq İranda üç nüvə obyektini bombalamasından sonra verib.
Ayətullah Xamenei iyunun 26-da – atəşkəsdən az əvvəl verdiyi açıqlamada, İranın Qətərdəki ABŞ hərbi bazasına zərbə endirməklə “Amerikanın üzünə şillə vurduğunu” bəyan edib və ABŞ və İsrailin növbəti hücumlarına qarşı xəbərdarlıq edib. Tramp isə mediaya və sosial şəbəkələrə verdiyi açıqlamada Xamenei haqda “Sən böyük inam sahibi, ölkəndə hörmət edilən bir adamsan. Amma həqiqəti deməlisən – sən məğlub oldun” deyib.
İran İsraillə münaqişə zamanı 900-dən çox insanın həlak olduğunu, minlərlə nəfərin isə yaralandığını açıqlayıb. Rəsmi Tehran eyni zamanda nüvə obyektlərinin ciddi zərər gördüyünü təsdiqləyib və BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə həmin obyektlərə giriş icazəsi verməkdən imtina edib. Obyektlərin nə dərəcədə zədələndiyi və İranın ABŞ ilə nüvə proqramına dair danışıqları davam etdirib-etdirməyəcəyi isə hələlik bəlli deyil.
Fatimə Nəbiyeva
08:13 06.07.2025
Oxunuş sayı: 978