İlon Mask strategiyasını açıqladı: Yeni partiya qurur?

Amerikalı milyarder İlon Mask ABŞ-də yeni siyasi partiya yaratmaqla bağlı sosial mediada daha bir sorğu paylaşaraq mümkün seçki strategiyası barədə ipuçları verib.
ABŞ Prezidenti Donald Tramp ilə yaşadığı fikir ayrılığından sonra yeni partiya qurmaq fikrini gündəmə gətirən Mask, sahibi olduğu X platformasında “Amerikan Partiyası” barədə ikinci dəfə sorğu keçirib. 4 İyul – ABŞ-nin Müstəqillik Günü münasibətilə paylaşım edən Mask bildirib: “Müstəqillik Günü, iki partiyalı (bəzi insanlar birpartiyalı deyir) sistemdən azadlıq istəyib-istəmədiyinizi soruşmaq üçün mükəmməl zamandır”.
Crossmedia.az ABŞ mətbuatına istinadən xəbər verir ki, “Amerikan Partiyasını quraqmı?” suallı sorğuda təxminən 240 min nəfər iştirak edib. Onların 62 faizi “bəli”, 38 faizi isə “xeyr” cavabını verib.
Sorğunun ardınca Mask sosial şəbəkədə daha bir paylaşım edərək partiya strategiyasına dair açıqlama verib. “Axios”-un xəbərinə görə, o, yeni partiyanın ilkin olaraq yalnız Senatda 2-3, Nümayəndələr Palatasında isə 8-10 dairəyə fokuslanmalı olduğunu deyib: “Qanunverici orqandakı kiçik fərqləri nəzərə alaraq, bu sayda kreslo mübahisəli qanun layihələrinə qərar verən səs olmaq üçün kifayət edər və beləliklə, bu layihələrin xalqın həqiqi iradəsinə xidmət etməsi təmin olunar”.
Mask hər hansı seçkidə namizəd olacağına birbaşa işarə etməsə də, bu mövzuda atdığı addımlar ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.
Elon Maskın yeni partiya fikri ilk dəfə iyun ayında gündəmə gəlmişdi. O zaman da X platformasında keçirdiyi sorğunun nəticəsinə əsaslanaraq, “İnsanlar danışdı. ABŞ-də ortadakı 80%-i təmsil edəcək yeni siyasi partiyaya ehtiyac var. İnsanların tam olaraq 80%-i bu fikirdədir. Bu, taleyin çağırışıdır”, - deyə paylaşım etmişdi.
Mask ilə Tramp arasındakı gərginlik isə ABŞ Prezidentinin “Böyük və Gözəl Qanun” adlandırdığı vergi endirimləri paketi ilə bağlı olub. Elon Mask yüksək maliyyəti səbəbindən bu təşəbbüsə qarşı çıxıb, Tramp isə Maskın elektrikli avtomobil sektorundakı nüfuzunu itirməsindən dolayı bu reaksiyanı verdiyini deyib.
“Mask daha çox şey itirəcək,” deyən Tramp, hətta Maskın deportasiya olunmasının mümkünlüyünü də istisna etməyib: “Bilmirəm, buna baxmaq lazımdır”.
Mədinə Cəlilova
23:00 05.07.2025
Oxunuş sayı: 941