Netanyahu ilə Zamir arasında kabinetdə Qəzza gərginliyi

İsrail mətbuatının yaydığı məlumata görə, Baş nazir Benyamin Netanyahu ilə İsrail Müdafiə Qüvvələrinin (IDF) Baş Qərargah rəisi Eyal Zamir arasında Qəzza məsələsi ilə bağlı kabinet iclasında ciddi fikir ayrılığı yaşanıb.
Crossmedia.az xəbər verir ki, “The Times of Israel” xəbər saytına görə, Eyal Zamir Qəzza zolağının şimalının mühasirəyə alınması və fələstinlilərin cənuba zorla köçürülməsi planına “inanmadığını” bildirib. İddialara görə, bu qarşıdurma cümə axşamı gecə keçirilən bağlanmış kabinet iclasında baş verib.
İclasda radikal sağçı Milli Təhlükəsizlik naziri İtamar Ben Gvir və Maliyyə naziri Bezalel Smotrich, Zamiri verilən əmrlərə əməl etməməkdə və Qəzzada çıxmaza səbəb olmaqda ittiham ediblər. General Zamir isə bu ittihamlara cavab olaraq bildirib:
“Siz daim Qəzzada çıxmaz olduğunu deyirsiniz. Orada çıxmaz yoxdur. Bizə hansı tapşırıq verilibsə, onu dəqiq icra edirik. Düşünürəm ki, insanlar haqqımızda deyilənləri izləyir. Əsgərlər müharibədə həyatlarını itirirlər – bunu sizə xatırlatmağa ehtiyac yoxdur”.
Baş nazir Netanyahu isə İsrail ordusunun fələstinlilərin Qəzzanın cənubuna köçürülməsi üçün “genişmiqyaslı təxliyə planı” üzərində işləməli olduğunu bildirib. Smotrich isə Qəzzanın şimalının mühasirəyə alınması ilə “HƏMAS rejiminin devriləcəyini” irəli sürüb.
General Zamir isə cavabında belə sual verib:
“Qəzzada hərbi bir hökumət istəyirsiniz? İki milyon insana kim nəzarət edəcək?”
Netanyahu isə qışqıraraq cavab verib:
“Mən hərbi hökumət istəmirəm. Onların geniş bir mülki sahəyə köçürülməsini istəyirəm. HƏMAS-ı orada buraxmaq niyyətində deyiləm”.
Netanyahu əlavə edib ki, bu planın alternativi – yəni, İsrail ordusunun bu vaxta qədər rehinələrin təhlükəsizliyinə görə fəaliyyət göstərmədiyi bütün əraziləri nəzarətə götürməsi əsirlərin həyatını riskə atacaq. O, buna nə istəkli, nə də hazır olduğunu qeyd edib.
Zamir isə “təxliyə planının” vəziyyətin nəzarətdən çıxmasına səbəb ola biləcəyini vurğulayıb:
“Bu məsələdə razılığa gəlməmişik. Aclıq və qəzəb içində olan insanlara nəzarət çətin olacaq və bu nəzarətsizlik nəticəsində İsrail ordusuna qarşı qiyam başlaya bilər”.
Netanyahu isə müzakirəni belə bitirib:
“Bir təxliyə planı hazırlayın… Vaşinqtondan qayıtdıqda onu görmək istəyirəm”.
Qeyd edək ki, Netanyahu ilə ABŞ Prezidenti Donald Trampın iyulun 7-də ABŞ-də görüşməsi planlaşdırılır.
Mədinə Cəlilova
22:00 05.07.2025
Oxunuş sayı: 838