“Kaan” təyyarələri İndoneziyaya yerli mühərriklə ixrac olunacaq

Türkiyə Müdafiə Sənayesi Komitəsinin (SSB) sədri Haluk Görgün, ölkənin beşinci nəsil döyüş təyyarəsi olan “Kaan” layihəsi ilə bağlı İndoneziya ilə əldə edilən tarixi ixracat razılaşmasını təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, Görgün “CNN Türk” kanalına verdiyi müsahibədə bildirdiyinə görə, İndoneziya ilə 48 ədəd dəqiq və 12 ədəd opsion olmaqla ümumilikdə 60 “Kaan” döyüş təyyarəsinin satışı üçün müqavilə imzalanıb. O qeyd edib ki, bu satış sadəcə bir platformanın ixracı deyil, eyni zamanda Türkiyə mühəndisliyinə və texnologiyasına olan yüksək etimadın göstəricisidir.
“Biz hələ bu təyyarəni öz Hərbi Hava Qüvvələrimizin inventarına daxil etməmişik. Bu mərhələdə belə yüksək texnologiyalı məhsulun sifariş edilməsi Türkiyəyə və burada işləyən insanlara duyulan inamın açıq ifadəsidir”, – deyə Görgün vurğulayıb.
Müsahibə zamanı ən çox maraq doğuran məsələlərdən biri də mühərriklə bağlı olub. Haluk Görgün bu mövzuya da aydınlıq gətirərək bəyan edib:
“İndoneziyaya həyata keçirəcəyimiz bütün ‘Kaan’ təyyarəsi tədarükləri yerli mühərriklə olacaq”.
Bu açıqlama ilə Türkiyə, milli müdafiə sənayesində mühüm bir mərhələni keçərək, həm yüksək texnologiyalı hərbi məhsulların ixracatında yeni dövrə qədəm qoyur, həm də yerli istehsal gücünü beynəlxalq bazarda nümayiş etdirir.
20:50 05.07.2025
Oxunuş sayı: 792