HƏMAS ABŞ-nin atəşkəs təklifinə müsbət cavab verib

HƏMAS ABŞ-nin vasitəçiliyi ilə təqdim olunan Qəzzada atəşkəs təklifinə “müsbət ruhda” cavab verdiyini və bu çərçivədə danışıqlara başlamağa hazır olduğunu açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, təşkilat rəsmi saytında yayımladığı bəyanatda daxili məsləhətləşmələrin və fələstinli fraksiyalarla müzakirələrin başa çatdığını, vasitəçilərə cavabın təqdim edildiyini bildirib. Bəyanatda qeyd olunub ki, HƏMAS bu təklifi həyata keçirmək üçün yeni danışıqlara ciddi şəkildə və dərhal başlamağa hazırdır.
Təklifdə 60 günlük atəşkəs, girovların azad olunması və münaqişənin dayandırılması istiqamətində danışıqların aparılması nəzərdə tutulur. ABŞ Prezidenti Donald Tramp bu təşəbbüsü “son təklif” adlandıraraq, tərəflərdən qısa müddətdə cavab gözlədiyini bildirmişdi.
Lakin prosesə mane ola biləcək məsələlər də qalmaqdadır. HƏMAS-la müttəfiq olan digər bir silahlı qrupun nümayəndəsi bildirib ki, humanitar yardım, Misirlə sərhəddə yerləşən Rəfah keçidinin fəaliyyəti və İsrail qoşunlarının geri çəkilmə cədvəli ilə bağlı narahatlıqlar davam edir.
İsrailin Baş naziri Benyamin Netanyahu Trampın atəşkəs planına hələlik rəsmi münasibət bildirməyib. O, HƏMAS-ın tam şəkildə silahsızlaşdırılmasını tələb edir. Bu isə danışıqları çətinləşdirə bilər. Netanyahu bazar ertəsi Trampla Vaşinqtonda görüşəcək.
18:47 05.07.2025
Oxunuş sayı: 818