İsrail qüvvələri helikopterlərlə Şam yaxınlığına enib

İsrail ordusunun Suriyanın paytaxtı Şamın mərkəzindən 10 kilometr cənubda yerləşən Yafur bölgəsinə hava desant əməliyyatı həyata keçirdiyi bildirilib.
Yerli mənbələrin verdiyi məlumata görə, İsrailə məxsus helikopterlər bu gün səhər saat 03:00 radələrində Yafur bölgəsində hava ilə endirmə əməliyyatı həyata keçirib. İsrail xüsusi təyinatlılarının bölgədə qısa müddət qalaraq dərhal geri çəkildiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, onların əməliyyatda iştirak səbəbi hələlik açıqlanmayıb.
Bununla yanaşı, İsrail ordusu Suriyanın qərbində, Livan sərhədinə yaxın yerləşən Rakle bölgəsinə də ilk dəfə daxil olaraq hərbi əməliyyat keçirib.
İsrail qüvvələri həmçinin Suriyanın cənubunda yerləşən Dera vilayətinin Saysun kəndinə altı hərbi maşınla girərək orada patrul xidməti aparıb. Əməliyyatdan sonra israilli hərbçilərin bölgədən geri çəkildiyi bildirilib.
İsrail ordusu bundan əvvəl də Suriyanın müxtəlif bölgələrində oxşar hava endirmə əməliyyatları həyata keçirmişdi.
Mədinə Cəlilova
01:00 05.07.2025
Oxunuş sayı: 794