Çexiyada genişmiqyaslı elektrik kəsintisi: Praqa metrosu dayandı, 5 bölgə təsirləndi

Çexiyada bu gün genişmiqyaslı elektrik kəsintisi baş verib. Rəsmi məlumatlara görə, ölkənin 14 bölgəsindən 5-i, o cümlədən paytaxt Praqa bu hadisədən təsirlənib.
Crossmedia.az xəbər verir ki, elektrik şəbəkəsinin operatoru CEPS-in sözçüsü Hana Klimova AFP-yə verdiyi açıqlamada, elektrik şəbəkəsində enerji axınının kəsildiyini təsdiqləyib. Onun sözlərinə görə, hadisə ölkənin böyük hissəsinə təsir edib.
Praqadakı nəqliyyat şirkəti DP, şəhərin metro xətlərinin hamısının üç xəttin təxminən yarım saat fəaliyyətini dayandırdığını bildirib. Yerli mediada yayılan məlumatlara əsasən, bir çox bölgədə ictimai nəqliyyatın fəaliyyəti də pozulub.
Elektrik paylayıcısı PRE-nin sözçüsü Karel Hanzelka Praqanın xüsusilə çayın sağ sahilinin kəsintidən təsirləndiyini bildirib. CEPS hadisənin səbəblərinin araşdırıldığını qeyd edib.
Çexiya polisi isə sosial şəbəkə platforması X üzərindən verdiyi açıqlamada, yaşanan hadisənin arxasında kiber hücum və ya terror aktı olduğuna dair heç bir dəlilin olmadığını bildirib.
CEPS daha sonra verdiyi açıqlamada, kəsintinin yüksək gərginlikli bir kabelin sıradan çıxması səbəbilə baş verdiyini, bunun nəticəsində ölkənin şimalındakı V411 xəttinin işləmədiyini və daha genişmiqyaslı elektrik kəsintilərinin baş verdiyini bildirib. Məlumata görə, təsirlənən səkkiz transformator stansiyasından beşi yenidən fəaliyyətə başlayıb.
Son olaraq CEPS, Türkiyə vaxtı ilə saat 14:40-da verdiyi açıqlamada, Praqanın şimalı istisna olmaqla digər bütün bölgələrdə elektrik təchizatının bərpa olunduğunu, paylayıcı şirkətlərin yenidən qoşulma üçün zəruri addımlar atdığını bildirib.
Çexiyanın Nəqliyyat naziri Martin Kupka X hesabından etdiyi paylaşımda, ölkənin 14 bölgəsindən 5-nin hadisədən təsirləndiyini və bir sıra dəmir yolu xətlərində qatarların hərəkətinin dayandığını bildirib.
Baş nazir Petr Fiala isə X hesabından verdiyi açıqlamada, ölkənin bu hadisə nəticəsində fövqəladə bir vəziyyətlə üzləşdiyini qeyd edib və elektrik təchizatının bərpası üçün hər kəsin səfərbər olduğunu vurğulayıb.
Xatırladaq ki, aprel ayında oxşar genişmiqyaslı elektrik kəsintisi İspaniya və Portuqaliyada da baş vermiş, iki ölkədə həyat təxminən iki gün iflic olmuşdu.
Mədinə Cəlilova
23:25 04.07.2025
Oxunuş sayı: 875