Rusiya bir həftədə Ukraynada 5 yaşayış məntəqəsini ələ keçirib

Rusiya Müdafiə Nazirliyi son bir həftə ərzində Ukraynada baş verən hərbi əməliyyatlarla bağlı məlumat yayıb.
Crossmedia.az xəbər verir ki, nazirliyin açıqlamasına görə, 28 iyun – 3 iyul tarixlərində Rusiya ordusu Xarkov və Donetsk bölgələrində ümumilikdə 5 yaşayış məntəqəsinin nəzarətini ələ keçirib. Donetsk və Dnipro istiqamətlərində də irəliləyiş əldə edildiyi bildirilib.
Rusiya tərəfi, Xarkov vilayətində Melovoye, Donetsk Xalq Respublikası ərazisində isə Predteçino, Novoukrayinka, Razino və Çervonaya Zirka yaşayış məntəqələrinin “azad edildiyini” açıqlayıb.
Eyni dövrdə Rusiya hava hücumundan müdafiə sistemlərinin Ukraynaya məxsus 1.172 pilotsuz uçuş aparatını (PUA) məhv etdiyi bildirilib. Açıqlamada həmçinin müharibənin başlanğıcından bəri Ukrayna ordusuna məxsus 663 təyyarə, 283 helikopter, təxminən 67 min PUA, 612 hava hücumundan müdafiə raket kompleksi, 24.124 tank və zirehli texnika, 1.573 reaktiv yaylım atəşi sistemi, 27 minə yaxın haubitsa və minaatan, eləcə də 37.600 xüsusi hərbi texnikanın məhv edildiyi qeyd olunub.
Mədinə Cəlilova
23:05 04.07.2025
Oxunuş sayı: 938