Tramp və Zelenski telefonla danışdı: “Birlikdə çox şeyə nail olduq”

ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski telefon danışığı aparıblar.
Tramp, ötən gün Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışdıqdan sonra bu gün də Ukrayna lideri ilə əlaqə saxlayıb.
Crossmedia.az ABŞ mətbuatına istinadən xəbər verir ki, danışıq zamanı Zelenski ABŞ-nin Müstəqillik Günü münasibətilə təbriklərini çatdırıb və “çox vacib və məhsuldar bir görüş keçirdiklərini” bildirib.
Zelenski, ABŞ-nin dəstəyinə görə minnətdarlığını ifadə edərək, “Amerika ilə birlikdə çox şeyə nail olduq. Qətllərin qarşısını almaq və ədalətli, davamlı və ləyaqətli sülhü bərpa etmək üçün bütün səyləri dəstəkləyirik. Sülh üçün məntiqli bir razılaşmaya ehtiyac var”, – deyə vurğulayıb.
Ukrayna lideri əlavə edib ki, Trampa cəbhədəki son vəziyyət və Rusiyanın davam edən hava hücumları barədə məlumat verib. O, hava hücumundan müdafiə imkanlarının müzakirə edildiyini və Ukraynanın hava məkanının müdafiəsini gücləndirmək üçün birlikdə işləməyə razılaşdıqlarını qeyd edib.
Zelenski həmçinin, iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi və ortaq istehsal imkanlarının müzakirə olunduğunu deyib. Onun sözlərinə görə, Ukrayna bu sahədə ABŞ ilə birbaşa layihələr həyata keçirməyə hazırdır.
CNN-in məlumatına görə, Tramp eyni zamanda Fransa Prezidenti Emmanuel Makronla da Ukrayna məsələsini müzakirə edib.
Mədinə Cəlilova
22:45 04.07.2025
Oxunuş sayı: 731