Roma şəhərində yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib



Bu səhər İtaliyanın paytaxtı Romada yerləşən Gordiani küçəsindəki yanacaqdoldurma məntəqəsində partlayış olub.
Crossmedia.az xəbər verir ki, italyan Yanğınsöndürmə Xidməti, partlayışın səhər saat 08:00-dan sonra baş verdiyini və hadisəyə 10 yanğınsöndürmə briqadasının cəlb olunduğunu açıqlayıb.
Partlayış zamanı benzin, dizel və LPG bölmələrindəki avadanlıqlar zədələnib, ətraf binaların pəncərələri sınıb və qara tüstü şəhərin bir çox yerindən müşahidə olunub. Yaralananlar arasında mülki şəxslərlə yanaşı, polis və yanğınsöndürənlər də var.
Roma Zəbtə Xidmətindən bildirilib ki, partlayışdan əvvəl ərazidə qaz sızmasına görə pis qoxu və tüstü müşahidə olunub. Ərazidəki uşaqların iştirak etdiyi yay idman məktəbi vaxtında təxliyə edilib. Rəsmilər bildirir ki, bu tədbir sayəsində hadisə böyük faciəyə çevrilməyib.
Metro idarəsi Atac, əraziyə yaxın Teano metro stansiyasının təhlükəsizlik məqsədilə bağlandığını açıqlayıb.
Lazio bölgəsinin yanğınsöndürmə müdiri Ennio Aquilino, partlayışın qaz sistemindəki nasazlıqdan qaynaqlandığını və hadisənin bomba partlayışını xatırlatdığını deyib. Araşdırmalar davam edir.
Roma meri Roberto Gualtieri, hadisə yerində jurnalistlərə verdiyi açıqlamada, operativ müdaxilə ilə daha böyük faciənin qarşısının alındığını bildirib.
Mədinə Cəlilova
21:35 04.07.2025
Oxunuş sayı: 873