Patriot böhranı: Almaniya Ukrayna üçün Trampın blokunu aşmaq istəyir

Ukraynaya dəstək məqsədilə hərəkətə keçən Almaniya hökuməti, ABŞ-dən “Patriot” hava hücumundan müdafiə sistemi almağa çalışır.
Crossmedia.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Xəbərlərə görə, ABŞ Prezidenti Donald Trampın Ukraynaya hərbi sursat, o cümlədən hava hücumundan müdafiə sistemlərinin göndərilməsini dayandırmasından sonra Almaniya danışıqlara başlayıb.
Berlin administrasiyası ABŞ-dən iki “Patriot” sistemi alaraq Ukraynaya təhvil vermək üçün Vaşinqtona rəsmi təklif təqdim edib. Hazırda bu təklifin ABŞ Müdafiə Naziri Pit Hegsethin təsdiqini gözlədiyi bildirilir.
Almaniya Hökumətinin sözçüsü Stefan Kornelius Federal Mətbuat Mərkəzində keçirilən brifinqdə məsələ ilə bağlı danışıqların davam etdiyini təsdiqləyib. O, bu təklifin Ukraynanın hərbi ehtiyaclarını qarşılamaq üçün nəzərdən keçirilən bir neçə seçimdən yalnız biri olduğunu vurğulayıb.
“Bu Patriot boşluğunu doldurmağın müxtəlif yolları var. Bu mövzuda dərin məsləhətləşmələr aparıldığını təsdiqləyə bilərəm”, – deyə Kornelius əlavə edib.
Almaniya Müdafiə nazirliyinin sözçüsü Mitko Muller isə bildirib ki, Ukraynanın hava hücumundan müdafiə qabiliyyətinin necə qorunacağı və gücləndiriləcəyi ilə bağlı ABŞ və müttəfiqlərlə intensiv danışıqlar aparılır.
Onun sözlərinə görə, Almaniyanın müdafiə naziri Boris Pistorius iyulun ortalarında Vaşinqtona səfər edəcək və bu məsələni ABŞ-dəki həmkarı ilə müzakirə edəcək.
Mədinə Cəlilova
20:35 04.07.2025
Oxunuş sayı: 948