Regionun ən qüdrətli ordusu

Hər xalqın tarixinə qızıl hərflərlə yazılmış günlər var. Elə günlər ki, o tarixləri yaşayan nəsillər ömür boyu qürurla xatırlayır, gələcək nəsillərə isə əbədi bir vəsiyyət kimi ötürür. Azərbaycan xalqı üçün bu qızıl tarixlərdən biri də 26 İyun – Silahlı Qüvvələr Günüdür. Bu gün təkcə bir bayram deyil, bu gün bizim dövlətçiliyimizin möhtəşəm təntənəsidir, bu gün bizim gücümüz, əzəmətimiz, vətən sevgimizin zirvəsidir.
Bu
günün əsl mənasını anlamaq üçün tarixə nəzər salmaq kifayətdir. Azərbaycan müstəqilliyini
bərpa etdikdə, təəssüf ki, ordu yox dərəcəsində idi. Silah var idi, amma nizami
ordu yox idi. Əsgər var idi, amma bir-birini eşidən, anlayan komandanlıq yox
idi. Xalq var idi, amma ümumi amal ətrafında birləşmiş güc yox idi. Və bu
boşluq bizi ağır faciələrə, itkilərə, torpaq həsrətinə sürüklədi. Amma zaman elə
gətirdi ki, xalqın qurtuluş ümidi Ulu Öndər Heydər Əliyevə bağlandı. Ulu öndər
Heydər Əliyev qətiyyətlə deyirdi: “Müstəqil Azərbaycan dövlətinin mövcudluğu
onun müstəqil ordusunun varlığı ilə şərtlənir.” O, bu fikri söyləməklə Azərbaycanın
gələcək taleyini bəlirlədi. Müstəqil dövlətin orduya söykənmədiyi yerdə müstəqilliyin
də sabit qalmayacağını tarix bizə acı şəkildə öyrətmişdi. Ulu Öndər qısa
zamanda xalq-ordu birliyinin əsasını qoydu, ordunun strukturunu formalaşdırdı,
peşəkar hərbiçilər yetişdirdi və Azərbaycan əsgərinin önünə müqəddəs bir məqsəd
qoydu: torpaqlarımızı qorumaq, Vətəni yaşatmaq. Və bu müqəddəs amal illərlə bir
atəş kimi içimizdə közərirdi, odlanırdı. Zaman dəyişdi, Azərbaycan dəyişdi,
amma bir şey dəyişmədi. Ulu öndər Heydər Əliyevin siyasi kursu. Bu kursun ən
sadiq daşıyıcısı, ən əzmli lideri cənab Prezident İlham Əliyev oldu. O, ordu
quruculuğunu dövlət siyasətinin strateji prioritetinə çevirdi. Müasir hərbi
texnikalar alındı, yeni hərbi bazalar quruldu, əsgər və zabitlərin döyüş
hazırlığı ən yüksək səviyyəyə qaldırıldı. Amma cənab İlham Əliyevin yaratdığı
ordunun ən böyük gücü tcə texnika deyildi. Bu ordunun gücü xalqın sevgisi və
liderinə sonsuz inamı idi. Cənab
Prezident İlham Əliyev söyləyirdi: “Biz güclü dövlət qururuq və bu dövlətin ən
möhkəm dayağı onun güclü ordusudur.” Bu ordunun gücünü dünya 2020-ci ilin 27
sentyabrında gördü. Azərbaycan əsgəri işğala son qoydu, 30 illik torpaq həsrətinə
Zəfər nöqtəsini qoydu. 44 gün ərzində bütün dünya Azərbaycan xalqının birliyinə,
Azərbaycan əsgərinin cəsarətinə və Azərbaycan Prezidentinin qətiyyətinə heyran
oldu. Cənab Prezident İlham Əliyev qürurla dedi: “Azərbaycan ordusu tarix
yazdı. Bu tarix bizim qürur tariximizdir.” Bu tarixi yazan əsgərimiz,
zabitimiz, vətən sevgisi ilə döyünən hər bir Azərbaycan oğlu oldu. Bu zəfərin
kökündə nə dayanırdı? Tanklar? Raketlər? Bəli, onlar da var idi, amma Azərbaycanı
Qələbəyə aparan əsas güc xalq-ordu
birliyi idi. Azərbaycan xalqı ordusuna sonsuz inandı. Xalq səngərə çörək
apardı, əsgərə dua göndərdi, döyüşçüyə qələbə inamı verdi. Azərbaycan əsgəri
bilirdi ki, arxasında ona dua edən bir ana, gözləyən bir bacı, yolunu gözləyən
bir Vətən var. Ulu Öndər Heydər Əliyevin vaxtilə söylədiyi “Xalqla ordu bir
olmalıdır. O zaman heç bir güc bizi məğlub edə bilməz.” fikri məhz bu birliyin
rəmzi oldu. Bu gün artıq Azərbaycan ordusu işğal altında olan torpaqları azad
etmiş bir Qələbə ordusudur. Bu gün bu bayram – Zəfərin bayramıdır. Bu gün 26 İyun – əbədilik müzəffər orduya məxsus
bir gündür. Azərbaycan Prezidentinin sarsılmaz əminliyi ilə dediyi söz bu gün hər
birimizin qürur və inamla dilimizdədir: “Bu gün Azərbaycan ordusu regionun ən
güclü ordusudur və bu ordu istənilən vəzifəni yerinə yetirməyə qadirdir.” Bəli,
Azərbaycan ordusu artıq təkcə döyüş meydanında deyil, sülh quruculuğunda, beynəlxalq
təhlükəsizlikdə də nüfuzlu söz sahibinə çevrilib. Qarabağda qurulan yeni hərbi
hissələr, asılan bayraqlar, Böyük Qayıdış prosesində əsgərimizin rolu bu gün Azərbaycan
ordusunu təkcə müharibə qalibi deyil, həm də qurucu, sülh yaradan bir gücə
çevirir. Azərbaycan əsgəri bu gün Vətən keşiyində məğrur və əyilməz dayanır.
Onun çiynindəki silah yalnız bir alət deyil – bu, tariximizin, dövlətçiliyimizin,
xalqımızın şərəfini qoruyan müqəddəs bir andır. 26 İyun bizə təkcə bir tarix
yox, həm də bir məsuliyyət xatırladır. Bu gün biz qürurla səslənirik ki, bizim
ordumuz var. Bizim qələbəmiz var. Bizim
güclü Azərbaycanımız var.
Gülər
Sultanzadə
YAP
Yasamal rayon təşkilatının fəal üzvü
12:29 23.06.2025
Oxunuş sayı: 3456