Zəfərlə Taclanan Ordunun Şərəf Günü

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü bu gün artıq təkcə ordunun yaranma tarixini deyil, həm də millətin gücünü, birliyini və Zəfər ruhunu təcəssüm etdirən müqəddəs gündür. Bu gün biz yalnız ordu quruculuğunun təməlini deyil, xalqımızın XX əsrin sonlarından bu yana qurduğu müstəqil, güclü və qalib dövlətin simvolunu qeyd edirik.
Milli ordumuzun əsası ilk dəfə 1918-ci il 26 iyun tarixində Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qoyulmuşdur. Cəmi 23 ay yaşamış bu müstəqil dövlət qısa müddətdə özünümüdafiə məqsədilə ilk nizami hərbi hissələri – “Əlahiddə Azərbaycan korpusu”nu yaratdı. Bu addım Azərbaycan xalqının müstəqil yaşamaq əzmini və öz torpağını qorumaq iradəsini sübut edirdi.
Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə əsasını qoyduğu milli ordu ən şərəfli inkişaf dövrünü ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaşadı. Onun ordu quruculuğundakı uzaqgörən siyasəti müasir Azərbaycanın güclü, peşəkar və Vətənə bağlı Silahlı Qüvvələrinin formalaşmasına möhkəm zəmin yaratdı.
1920-ci ildə Cümhuriyyətin süqutundan sonra ordu quruculuğu prosesi dayansa da, bu müqəddəs amal Azərbaycanın ikinci müstəqillik dövründə – 1991-ci ildən sonra yenidən canlandı. Xüsusilə də ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə Azərbaycan Ordusu yeni mərhələyə qədəm qoydu. O, hər zaman deyirdi: "Güclü ordu güclü dövlətin əsas şərtidir."
Bu siyasət Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz zirvəsinə 2020-ci ilin 44 günlük Vətən müharibəsində çatdı. Bu müharibə təkcə döyüş meydanında qazanılmış hərbi qələbə deyildi – bu, Azərbaycan Ordusunun gücünün, xalq-ordu birliyinin və tarixi ədalətin bərpasının parlaq simvolu idi.
Ordumuz 30 ilə yaxın düşmən işğalı altında qalmış torpaqlarımızı qəhrəmanlıqla, peşəkarlıqla və şəhidlərin qanı bahasına azad etdi. Bu Zəfər təkcə Azərbaycan tarixinin deyil, bütün türk və İslam dünyasının fəxrlə anacağı bir qəhrəmanlıq dastanıdır.
Bu gün biz Silahlı Qüvvələr Gününü artıq qalib bir xalqın, qalib bir ordunun və qalib bir dövlətin vətəndaşları olaraq qeyd edirik. Biz bu günü Cəbrayılda döyüşən əsgərin, Füzulidə irəliləyən tankçının, Şuşada bayraq sancan xüsusi təyinatlının qələbə ruhu ilə qarşılayırıq.
Əziz şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizin iradəsinə sayğı dururuq. Bu torpağın hər qarışı uğrunda can verənlərin ruhu bu gün daha sakit, bu xalq bu gün daha qürurludur – çünki Zəfər bizimlədir, Zəfər ordumuzundur!
Bu gün başı uca, alnı açıq, qəlbi Vətən eşqi ilə döyünən bir xalq olaraq Azərbaycan əsgərinin çiynində yüksələn bayrağın kölgəsində birləşirik. Qəhrəmanlıqla yoğrulmuş bir tarix, zəfərlə taclanmış bir mübarizə, sarsılmaz iradə və qalibiyyət ruhu ilə addımlayan Müzəffər Azərbaycan Ordusu – bu, artıq bir mif deyil, bu həqiqətin özü, gücün və ədalətin simvoludur!
Azərbaycan Silahlı Qüvvələrinin hər addımı bu torpağın səsinə dönüb, hər nəfəsi şəhidlərin müqəddəs ruhuna çevrilib. Hər əsgər – tarix yazan bir qələmdir, hər zabit – sabahımızın keşiyində duran iradə qalasıdır. Və bu gün onların şərəfinə ucalan hər alqış, səslənən hər dua bu torpağın əbədi azadlığının, əbədiyyətə yozulan mübarək səsidir.
Leyla Hüseynova
YAP Yasamal rayonu AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini
16:52 21.06.2025
Oxunuş sayı: 5071