Naxçıvan Muxtar Respublikasının muxtariyyəti ləğv edilir?

Son günlər Naxçıvan Muxtar Respublikasında Konstitusiyanın dəyişməsi ilə bağlı aparılan hüquqi islahatlar geniş müzakirələrə səbəb olub. Yeni dəyişikliklər muxtariyyətin idarəetmə modelində mərkəzləşməyə doğru addım kimi qiymətləndirilir. Bəs bu dəyişikliklər Naxçıvanın muxtar statusuna təsir edəcəkmi? Muxtariyyət ləğv olunurmu? Və ya bu proses ümumilikdə Azərbaycan Respublikasının Konstitusiyasına da dəyişiklik ehtiyacını gündəmə gətirirmi?
Mövzu ilə bağlı hüquq müdafiəçisi Əliməmməd Nuriyev Crossmedia.az-a açıqlama verib:
“Naxçıvan Muxtar Respublikasında Konstitusiyanın dəyişməsini dövlətçilik modelinin möhkəmləndirilməsi yolunda yeni bir mərhələ hesab edirəm. Əlbəttə, 2025-ci ilin iyun ayında Milli Məclisə təqdim olunan NMR Konstitusiyası dəyişiklikləri layihəsi təkcə texniki və ümumi düzəlişlər toplusu deyil, həm də Azərbaycan Respublikasının mərkəzləşdirilmiş və funksional dövlət idarəetmə modelinə uyğunlaşdırılmış yeni konstitusion mərhələnin başlanğıcıdır. NMR-nın hüquqi statusu 1995-ci ildə Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən edilmiş və həmin vaxtdan etibarən muxtar konstitusion rejimə malik olmuşdur. Lakin son illər regional idarəetmədə koordinasiya zərurəti, hüquqi ardıcıllığın təmin edilməsi və dövlət nəzarəti mexanizminin təkmilləşdirilməsi istiqamətində atılan addımlar Naxçıvanın da hüquqi rejiminə yenidən baxılmasına gətirmişdir”.
“İlk növbədə bu dəyişikliklər Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğun təmin edilməsi xarakteri daşıyır və muxtariyyətin yeni modelinin konfiqurasiyası kimi də dəyərləndirilə bilər. Tətbiq olunan dəyişikliklərdə ali vəzifəli şəxs – keçmiş Ali Məclis sədri – xüsusi konstitusion statusdan məhrum edilir və muxtariyyətin simvolik rəhbərliyi anlayışından funksional icra hakimiyyəti modelinə keçid təmin olunur. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin Naxçıvan üzrə səlahiyyətli nümayəndəsi ümumi idarəetmə baxımından konstitusion institut kimi NMR Konstitusiyasında təsbit olunur. Bu, mərkəzi və muxtar hakimiyyətlər arasında normativ münasibətlərin tənzimlənməsi və vahid idarəetmə strukturunun formalaşmasına imkan yaradır. Bu yanaşma konstitusiya nəzəriyyəsində unitar dövlət daxilində funksional muxtariyyətin inteqrasiyası doktrinasına uyğundur. Belə bir modeldə muxtariyyət hüququ saxlanılır, lakin icra və nəzarət funksiyaları mərkəzi hakimiyyətə bağlanaraq effektivlik və şəffaflıq artırılır”, - ekspert əlavə edib.
Ayhan
13:24 21.06.2025
Oxunuş sayı: 716