Türk Dövlətləri Təşkilatından daha bir yenilik: ortaq hüquq məkanı yaradılır

Türk dövlətləri arasında hüquqi inteqrasiyanın yeni mərhələsi başlanır. Bu mərhələdə yalnız qanunların oxşarlığı deyil, dəyərlərin və hüquqi mədəniyyətin də birləşdirilməsi əsas hədəf kimi müəyyən olunub.
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev məsələ ilə bağlı Crossmedia.az saytına açıqlamasında bildirib ki, hüquq sistemlərinin yaxınlaşdırılması sadəcə normativ identikliklə kifayətlənməməli, dəyərlər sisteminin harmoniyasına gətirib çıxarmalıdır.
“Əsasnamə üzv dövlətlər arasında dərinləşdirilmiş inteqrasiyanı təmin edə bilər. Bu kontekstdə bir neçə vacib istiqamət ön plana çıxır: birincisi, hakimlərin intizam məsələlərinə dair ortaq hüquqi yanaşmaların formalaşdırılması, məsuliyyət mexanizmlərinin yaradılmasıdır. Bu zaman hakimlərin müstəqilliyi qorunmalıdır. İkincisi, məhkəmə sistemində gender balansı, şəffaflıq və ictimai etibar indikatorlarının ortaq şəkildə ölçülməsi vacibdir. Üçüncüsü isə təhqiqat mərkəzlərinin, hüquq məktəblərinin, vəkillik institutlarının inteqrasiyasıdır. Bu da hüquq sistemlərinin yalnız normativ deyil, eyni zamanda sosial və mədəni aspektlərdə də yaxınlaşmasına şərait yaradacaq,” – deyə hüquqşünas vurğulayıb.
Əliməmməd Nuriyev bildirib ki, bu əsasnamə regional hüquqi diplomatiyanın inkişafına və hüququn yalnız texniki mexanizm deyil, strateji dəyər daşıyıcısı olmasına səbəb ola bilər: “Məhkəmə Şuraları Şəbəkəsi təkcə Türk Dövlətləri Təşkilatı çərçivəsində deyil, digər beynəlxalq qurumlarla da – məsələn, Avropa İnsan Hüquqları Məhkəməsi, Venesiya Komissiyası, İslam Əməkdaşlıq Təşkilatı ilə – əlaqələndirilmiş şəkildə fəaliyyət göstərə bilər. Bu, həm regional hüquqi mövqelərin beynəlxalq tribunalarda müdafiəsini gücləndirər, həm də Türk dövlətləri məkanının hüquqi identikliyini formalaşdırar”.
Əliməmməd Nuriyev əlavə edib ki, gələcəkdə orta hüquqi məkanın yaradılması mümkündür: “Arbitraj, ailə hüququ, ətraf mühit sahəsində dövlətlərarası məhkəmə qərarlarının tanınması və icrası üçün ortaq hüquqi baza, rəqəmsal hüquq məkanı və təlim institutları yaradıla bilər. Bu proses hüququ yalnız texniki alət kimi deyil, həm də sivilizasiyalı dəyər daşıyıcısı kimi təqdim etməyə imkan verəcək”.
O vurğulayıb ki, bu əsasnamə yalnız normativ sənəd kimi yox, insanpərvər dəyərlərin qorunması baxımından da əhəmiyyətlidir: “Ədalət yalnız lokal deyil, ortaq humanist dəyər kimi bölüşülməlidir. Əgər Türk dövlətlərindən birində ədalətsizlik varsa, bu təkcə həmin xalqın yox, bütöv Türk hüquq ailəsinin ağrısıdır. Bu sənəd hüququ bir mədəni aktora çevirə bilər”.
Əliməmməd Nuriyev fikrini belə yekunlaşdırıb: “Əgər bu sənəd yalnız texniki əməkdaşlıqda qalarsa, tarix onu bir protokol kimi unutduracaq. Amma hüquqi düşüncə tərzini dəyişərsə, bu, yeni bir hüquqi dövrün başlanğıcı olacaq. Ədaləti yalnız məhkəmə zalında deyil, təsisatların ruhunda, hakimlərin düşüncəsində, hüquqşünasların vicdanında görəcəyik. Bu sənəd hüquqi normativ gücdən çox, insanı əsasların gücü ilə önə çıxacaq”.
Zəhra Ağayeva
16:51 19.06.2025
Oxunuş sayı: 574