Makrondan Pezeşkiana çağırış: “Gərginliyi azaltmağın yeganə yolu danışıqlardır”

Fransa Prezidenti Emmanuel Makron və İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.
Crossmedia.az xəbər verir ki, tərəflər İsrailin İrana hücumları və Yaxın Şərqdəki son hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.
Fransa Prezidenti telefon danışığı ilə bağlı “X” hesabında paylaşım edərək bölgədə sabitliyin pozulması riskinə diqqət çəkib.
O, İran liderindən Fransa diplomatik nümayəndəlikləri və vətəndaşlarının heç bir halda hədəf alınmamasını istəyib.
Makron gərginliyin daha da artmasının qarşısını almaq üçün maksimum təmkin göstərilməsinin vacibliyini vurğulayıb.
Eyni zamanda, İranın nüvə proqramını ciddi məsələ kimi dəyərləndirərək bildirib ki, bu problemin yeganə həll yolu diplomatik danışıqlardır.
“Prezident Pezeşkianı mümkün qədər tez danışıqlar masasına qayıtmağa çağırdım. Gərginliyi azaltmağın yeganə yolu budur”, – deyə Makron bəyan edib.
Fransa Prezidenti əlavə edib ki, böhranın diplomatik yollarla həlli üçün Paris bütün imkanlarını səfərbər etməyə hazırdır.
Aybəniz Səfərova
01:35 15.06.2025
Oxunuş sayı: 887