Ərdoğan: “Netanyahunun siyasəti bölgə üçün ən böyük təhlükədir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bölgədə artan gərginlik fonunda diplomatik fəallığını artırıb.
Crossmedia.az xəbər verir ki, dövlət başçısı İran Prezidenti Məsud Pezeşkianla telefon danışığında İran ərazisinə edilən hücumlarda həyatını itirənlərə görə başsağlığı verib.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin yaydığı məlumata görə, Ərdoğan həmçinin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla da telefonla danışıb.
Danışıq zamanı İsrail-İran münaqişəsi, regionda təhlükəsizlik və qlobal diplomatik proseslər müzakirə olunub.
Ərdoğan bildirib ki, İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərliyi altında həyata keçirilən siyasət bölgənin sabitliyi və təhlükəsizliyi üçün ən böyük təhlükə mənbəyidir.
Onun sözlərinə görə, Netanyahunun İran əleyhinə hərbi əməliyyatı bu təhdidin miqyasını bir daha üzə çıxarıb.
Ərdoğan beynəlxalq ictimaiyyətin Fələstindəki işğal və soyqırıma səssiz qalmasının İsraili bu qədər qanunsuz və aqressiv mövqe sərgiləməyə təşviq etdiyini vurğulayıb.
O əlavə edib ki, ABŞ və İran arasında davam edən nüvə danışıqlarının olduğu bir dövrdə İsrailin bu hücumları sülh səylərinə ciddi zərbə vurur və regionda yeni böhranın yaranmasına səbəb ola bilər.
Türkiyə Prezidenti, eyni zamanda, İsrailin hərbi ritorikasının və mümkün nüvə ambisiyalarının yalnız dialoq yolu ilə nəzarət altına alına biləcəyini qeyd edərək, bölgədə yeni bir dağıdıcı müharibənin ciddi humanitar və miqrasiya böhranına səbəb ola biləcəyinə diqqət çəkib.
Aybəniz Səfərova
20:34 14.06.2025
Oxunuş sayı: 984