İsrail Ordusu İranın nüvə proqramında iştirak edən 9 əsas alimi zərərsizləşdirdiyini açıqlayıb

İsrailin Müdafiə Ordusu (TsAXAL) İran rejiminin nüvə silahı proqramını inkişaf etdirməkdə əsas rol oynayan 9 aparıcı alim və mütəxəssisin zərərsizləşdirildiyini açıqlayıb. Bildirilib ki, bu şəxslər İranın kütləvi qırğın silahları əldə etmək istiqamətində həyata keçirdiyi fəaliyyətlərin aparıcı fiqurları olub. Əməliyyatın İsrail kəşfiyyat məlumatları əsasında həyata keçirildiyi və hədəflərin dəqiq müəyyən olunduğu vurğulanıb.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, sözügedən alimlər İranın nüvə silahı istehsalı sahəsində mühüm rol oynamış, bu istiqamətdə elmi-tədqiqat işlərini koordinasiya etmiş və strateji qərarların qəbulunda iştirak etmiş şəxslər olub. Onların zərərsizləşdirilməsi İranın nüvə imkanlarını zəiflətmək məqsədi daşıyıb və ekspertlər bunu Tehran rejiminin texnoloji və kadr potensialına ciddi zərbə kimi qiymətləndirir.
İsrail tərəfi bəyan edib ki, bu cür əməliyyatlar regional və beynəlxalq təhlükəsizlik baxımından zəruridir. İsrail höküməti hesab edir ki, İranın nüvə silahı əldə etməsi təkcə Yaxın Şərq üçün deyil, bütövlükdə dünya üçün təhlükə yarada bilər. Bu səbəbdən də İsrail təhlükənin qarşısını öncədən almaq üçün strateji addımlar atır və bu əməliyyat da həmin siyasətin tərkib hissəsidir.
Xatırladaq ki, İran uzun illərdir nüvə proqramının yalnız dinc məqsədlər üçün nəzərdə tutulduğunu bəyan etsə də, beynəlxalq ictimaiyyətin, xüsusilə də Qərb ölkələrinin və İsrailin narahatlığı davam edir. İsrailin bu kimi tədbirləri isə nüvə silahlarının yayılmasının qarşısını almaq və bölgədə güc balansını qorumaq niyyətindən irəli gəlir.
Fatimə Nəbiyeva
16:50 14.06.2025
Oxunuş sayı: 856