İsrailin hava hücumu zamanı öldürülən İran rütbəliləri kim idi?

İsrailin “Yüksələn Aslan Əməliyyatı” adı altında həyata keçirdiyi hava hücumları nəticəsində İran rəhbərliyində strateji mövqe tutan dörd yüksək rütbəli şəxs – Hüseyn Səlami, Əmir Əli Hacızadə, Məhəmməd Bakıri və Əli Şəmxani öldürülüb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu hücumların İranın hərbi strukturlarında şok effekti yaratdığı və ölkənin cavab vermə qabiliyyətini ciddi şəkildə zəiflədə biləcəyi bildirilir.
Baş Hüseyn Selami – SEPAH komandanı
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı olan General-mayor Hüseyn Səlami, ölkənin ən güclü hərbi qüvvəsinin rəhbəri idi. 2019-cu ildən bu vəzifədə çalışan Səlami, Ali Lider Ayətullah Əli Xameneyiyə birbaşa tabe olan əsas vəzifəli şəxslərdən biri sayılırdı.
Səlami SEPAH vasitəsilə ölkə daxilində müxalifətin yatırılmasında və İranın regional gücünün nümayişində mühüm rol oynayırdı. O, həmçinin Yəməndəki husilərə dəstək göstərməkdə, Qırmızı dənizdə beynəlxalq gəmilərə hücumlar və İsrailə qarşı raket zərbələrinin koordinasiyasında ittiham olunurdu.
2020-ci ildə Ukrayna sərnişin təyyarəsinin səhvən vurulması zamanı da Səlami SEPAH komandanı idi.
General Məhəmməd Bakıri – Baş Qərargah rəisi
General Məhəmməd Bakıri 2016-cı ildən etibarən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi kimi fəaliyyət göstərirdi. O, ölkənin hərbi siyasətini koordinasiya edən və silahlı qüvvələrə nəzarət edən ən yüksək rütbəli zabit idi.
Bakıri həmçinin Suriya müharibəsində iştirak edən İran qüvvələrinə baş çəkmiş, son olaraq isə Səudiyyə Ərəbistanı ilə yüksək səviyyəli görüşlər keçirmişdi. ABŞ administrasiyası onun adını sanksiya siyahısına daxil etmişdi.
Əli Şəmxani – Xameneyinin yaxın adamı
Əli Şəmxani uzun illər İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri olub və diplomatik sahədə önəmli rola malik idi. O, xüsusilə İran-Səudiyyə münasibətlərinin normallaşdırılması prosesində iştirak edib və Çin vasitəçiliyi ilə keçirilən görüşlərdə Tehranı təmsil etmişdi.
Şəmxani, 2023-cü ildə vəzifəsindən uzaqlaşdırılsa da, Ayətullah Xameneyiyə yaxın məsləhətçi kimi qalmış və ABŞ ilə nüvə danışıqları öncəsi açıq xəbərdarlıqlar etmişdi.
Əmir Əli Hacızadə – Hava və Kosmik Qüvvələr komandanı
Tuğgeneral Əmir Əli Hacızadə SEPAH-ın Hava və Kosmik Qüvvələrinə rəhbərlik edirdi. O, İranın raket və pilotsuz uçuş aparatları proqramına birbaşa nəzarət edən şəxs kimi tanınırdı.
Fars xəbər agentliyinin məlumatına görə, Hacızadə də İsrailin son hava hücumlarında hədəfə alınaraq öldürülüb.
Mədinə Cəlilova
02:30 14.06.2025
Oxunuş sayı: 1205