Vətəndaş kibercinayətlərdən necə sığortalana bilərlər? -Ekspert sirri açdı

Son günlər ölkədə bank kartlarına edilən kiberhücumlar nəticəsində vətəndaşların maddi zərərə uğraması halları artıb. Təkcə ötən gün ərzində müxtəlif vətəndaşların bank kartlarından ümumilikdə 6 min manatdan çox pul vəsaiti oğurlanıb. Daxili İşlər Nazirliyi bu cür halların əsasən saxta zənglər, mesajlar və fırıldaqçı platformalar vasitəsilə həyata keçirildiyini bildirərək vətəndaşlara mühüm xəbərdarlıq edib.
Oxşar hallara dəfələrlə rast gəlmişik. Yəqin ki, bundan sonra da bu cür kibercinayətkarlıq halları təkrarlanacaq.
Bu barədə Crossmedia.az-a danışan İKT eksperti Fərid Kazımov maliyyə vəsaitlərinin oğurlanmasında birbaşa olaraq vətəndaşların günahkar olduğunu bildirib: "Onlar kartlar haqqında məlumatları açıq şəkildə bir-birlərinə ötürürlər. Buna görə də bu hal birbaşa vətəndaşların öz təhlükəsizliyini başa düşməməsi ilə bağlıdır. Əgər kartların oğurlanmasının qarşısını almaq istəyirsinizsə ən sadə yol ikinci bank kartının yaradılması və onlayn ödənişlərin məhz həmin bank kartının üzərindən keçirilməsini təmin etmək lazımdır".
F.Kazımov buna misal gətirərək bildirib: "Məsələn ikinci kart açırsınız və əsas kartınız maaş üçündür. Onunla ödənişləri həyata keçirəcəksiniz. Bunun üçün ən sadə yol ödəniş etdiyiniz zaman məbləğ kartınıza atmaq və onlayn formada ödəniş etməkdir. Hətta oğurluq olduğu halda belə orada qalan cüzi məbləğ oğurlanacaq. Vətəndaş öz itkilərinin qarşısını ala biləcək".
Ekspert qeyd edib ki, bir çox hallarda vətəndaşlar kart məlumatlarını onlayn ödənişlə, İnstagram, Facebook, Temu üzərindən edirlər: "Bu, vətəndaşların atdığı addımlarla bağlıdır. Ən sadə yol yeni kart açıb sadəcə o kartla alış-veriş etməkdir. Belə olduğu halda bank vəsaitləri qorunmuş olacaq".
Fatimə Məmmədova
16:51 12.06.2025
Oxunuş sayı: 1133