Azərbaycan poeziyasının Dədəsi

Azərbaycanın zəngin ədəbiyyat tarixinin görkəmli simaları çoxdur. Bu görkəmli simalar tarix boyu ədəbiyyat vasitəsilə bəzən dövrün problemlərini, bəzən bədii hissləri bəzən isə təbiətin gözəlliyini çatdırıblar. Azərbaycan ədəbiyyat tarixindəki əsərləri nəzərdən keçirsək, on minlərlə yüz minlərlə yazı nümunəsi ilə qarşı qarşıya qalarıq. Lakin ədəbiyyatın, poeziyanın gözəlliyi məhz o yüz minlərlə yazı nümunəsinin hər birində bir xüsusiyyət - yazıçının özünəməxsus üslubunun olmasıdır. Bu özünəməxsusluq bizə yüzlərlə şairi yadda saxlamaq tanımaq imkanı verir. Hələ şeirin, yazının ilk sətrindən yazıçının üslubunu duyursan, yazının davamının necə olacağını digər əsərlərinı uyğun düşünməyə başlayırsan. Bu yazıçının auditoriya qarşısında qazandığı ən böyük uğurdur.
Öz özünəməxsusluğu və yüksək bədii üslubu ilə seçilən, poeziyamızın dədəsi Musa Yaqub da auditoriyası qarşısında uğur qazanan şairlərimizdəndir. Ədəbiyyata “Azərbaycan” qəzetində "İki qəlb, iki dünya" (1957) poeması ilə gələn Musa Yaqub özü ilə poeziyaya yeni bir rəng, yeni bir çalar gətirdi.
Ölənədək torpağına, öz kəndinə bağlı olan Buynuz kəndinə bağlı qalan Musa YaqubŞ yaradıcılığında da təbiət motivlərinə geniş yer verib. Şair bir müsahibəsində deyir ki, “Allahdan çox razıyam, mənə təbiətin gözəlliyini, sirlərini görməyi qismət edib”. Təbiətin bir fəlsəfəsi var və insan da daxil olmaqla hər şey o fəlsəfənin içində əriyir. M. Yaqub bu fəlsəfəni öyrənib mənimsəyir və bir alim kimi bütün yaradıcılığında “tədqiq və təhlil edir”, əsərlərinin uğuru isə öyrəndiyi təbiət fəlsəfəsindən yaradıcılığında bəhrələnə bilməsidir.
Geydim libasını, gördüm barını,
Atımı xəzana sürdüm bu payız.
Ömrümün saralmış yarpaqlarını
Gözümlə çox aydın gördüm bu payız.
Ovcuma da baxdım, bir xəzələ də,
Damarlar, cizgilər nə qədər oxşar.
Bizdən ayrı deyil bircə gilə də,
Ovcumun içində bir payız yaşa
Öz ülvi hisslərini təbitəin predmetləri ilə yazıya çevirə bilmək yəqin ki, hər yazıçıda olmayan, hər yazıçının bacarmayacağı xüsusiyyət idi. Ona görə yox ki, digər yazıçı və şairlər Musa Yaqubla müqayisəyə gəlmir, ona görə ki, Musa Yaqub təbiətlə iç-içə vəhdət halında idi. O, öz kiçik kəndi ilə nəfəs alırdı və yaradırdı. Özü də bir müsahibəsində qeyd edir ki, “Mən heçvaxt otaqda şeir yazmamışam. Bütün şeirlərim ağacların arasında yazılıb”.
Musa Yaqub gənc yaşlarında bir xanıma vurulur. Lakin bu izdivac müəyyən səbəblərdən baş tutmur. Musa Yaqubun yaradıcılığının böyük bir qismi də məhz yarım qalan məhəbbətinin acı nəticəsi olur.
Mən sənin yolunda can çürütmüşəm,
Ömür əritmişəm, dərd üyütmüşəm.
Heç zaman açılıb deyilməz olan,
Gizli bir məhəbbət əzabı altda,
Könlüm viran qalıb, güllərim həşəm,
Mən səndən gül əkib, xəzan dərmişəm.
Uzun müddət sonar şair anasının təkidi ilə ailə həyatı qurur. Lakin ayrılığa həsr etdiyi şeirləri yenə də davam edir. Bir müsahibəsində ona verilən “Həyat yoldaşınızın bu şeirlərinizə münasibəti necə idi?” sualına “Məni şeirlərimə bağışlayırdı” cavabını vermişdi. Şair həyat yoldaşı Zöhrə xanıma heç vaxt şeir yazmadığını desə də, onun ölümündən sonra etiraf edib: “Qadınsız yaşamaq, ürəyinin dərdini həyat yoldaşıyla bölüşə bilməmək əzabdır. O, gedəndən sonra hiss etdim ki, əslində ona çox şeirlər yazmışam”.
Musa Yaqub cavanlığından başlayaraq bir sıra vəzifələrdə olub. Hətta Azərbaycan Respublikasının 1995-2000 ci il deputatı olmuşdur. Lakin yaradıcılıq eşqi, bundan əlavə öz dogma kəndinə olan bağlılığı onu yenidən öz kəndinə qaytardı. Şairin dogma kəndi olan “Buynuz” kəndi sadəcə bir kənd deyil, eyni zamanda şeiriyyat mərkəzi idi. Yazıçılar bu kəndi “Musa Yaqubun” kəndi adlandırırdı. Musa Yaqubun İsmayıllıdakı evi o regiona yolu düşən bütün ədəbiyyat adamlarının doğma evi olub. Ədəbi mühitdən o evə getməyən nadir şair-yazıçı tapmaq olar. O evə getməyən və Musa müəllimin süfrəsində oturmayan…
Musa Yaqubun ən çox oxunan şeiri isə “Bu dünyanın qara daşı göyərməz” şeiridir. Heç bir şairin şeirinə bu şeirə yazıldığı qədər nəzirə yazılmayıb.
Bir gün Sosialist inqilabının ildönümü ilə bağlı şeir məclisi təşkil olunubmuş. Bütün tanınmış şair-yazıçılar orda iştirak edirmiş. Şair Qabil Mirzə İbrahimova deyib ki, Musa Yaqubun yaxşı şeiri var, icazə verin oxusun. “Bu dünyanın qara daşı göyərməz” şeirinin sosialist inqilabının ildönümündə yaxşı qarşılanmayacağını düşünən Musa Yaqub istəyib ki, başqa şeir oxusun. Qabil israr edib ki, həmin şeir səslənsin. Musa Yaqub ayağa qalxıb şeiri deyib. İçəriyə ölü sükut çökür. Rəsul Rzanın bu yerdə səsi eşidilib: “Çox gözəl şeirdir”. Və ondan sonra Musa Yaqubu gurultuyla alqışlayıblar.
Musa Yaqub müsahibələrində şeirin yaranma tarixini belə danışıb:
“Mən Əhmədli qəsəbəsində qalanda axşamlar bizim pəncərəyə işıq düşürdü. Yaxınlıqda əhəng daşı yandırırdılar. Səhərəcən o daşların səsini eşidir, onların necə əziyyət çəkdiyini hiss edirdim. Daşlar yandıqca qaralır, sonra ağarırdı. “Əhəng daşı” adlı şeir də yazdım. Amma ürəyimdə yenə nəsə qaldı. Zaman-zaman deyilə-deyilə, hallana-hallana, canımda-ruhumda bişə-bişə gəlib belə bir şeirə döndü o duyğular. Mən o şeiri yazmadım. Eləcə ayağa qalxıb Sabir adına kitabxanadakı məclislərin birində oxudum. Qabil də hamı kimi ilk dəfə orda eşitmişdi”.
Bu dünyanın qara daşı göyərməz
Leyləklərin çöp yuvası boş qalıb,
Bahar gedib,payız gəlib,qış qalıb,
Göy çəməndə ocaq yanıb,daş qalıb,
Bu dünyanın qara daşı göyərməz.
Nə bu ocaq közərəsi,sönəsi,
Nə o günlər bir də geri dönəsi...
Qəm eləmə könlümün bir dənəsi,
Bu dünyanın qara daşı göyərməz.
O gülyanaq bənddir xoş bir baxışa,
Körpə budaq əl açıbdır yağışa,
Min baharın hərarəti yığışa,
Bu dünyanın qara daşı göyərməz.
Ot göyərdib o cığırım,o izim,
Tufanlanıb çalxalanmaz dənizim,
Daha məndən sevgi umma əzizim,
Bu dünyanın qara daşı göyərməz.
Araz boyu çox mənalar sezmişəm,
Elə bilmə əllərimi üzmüşəm,
Ürəyimə daş bağlayıb dözmüşəm,
Bu dünyanın qara daşı göyərməz...
Musa Yaqub 84 yaşında uzun sürən Parkinson xəstəliyindən vəfat edir. Xalq şairi doğulduğu və yaratdığı dogma kəndi olan Buynuz kəndində, həyat yoldaşının məzarı yanında torpağa tapşırıldı. Hər gün suladığı, əkdiyi becərdiyi torpaqla birdəfəlik qovuşdu. Bu qovuşmağın yaratdığı böyük hicranın tək dərmanı isə yenə də Musa Yaqubun öz şeirləridir.
Ayhan Ağarzayev
18:05 11.06.2025
Oxunuş sayı: 1096