Dərman qiymətləri "əl yandırır"- Professor narazılıq etdi

Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi “Zeytun Pharmaceuticals” MMC-nin apteklərində dərmanların Tarif Şurasının təsdiq etdiyi qiymətdən baha satılması ilə bağlı protokol tərtib edib. Şirkətin dərman qiymətlərini qanunsuz artırması İnzibati Xətalar Məcəlləsinin 221.3-cü maddəsinə əsasən xəta hesab edilir. Hazırda məsələ ilə bağlı araşdırmalar davam edir. Qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək. Agentlik bu cür halların qarşısının alınmasının vacibliyini vurğulayır.
Bu, o deməkdir ki, bir çox halda insanların son çarə kimi gördükləri apteklər xəstələrin çıxılmaz vəziyyətindən sui- istifadə edir. Bu, əlbəttə, qəbuledilməzdir və qarşısı alınmalı olan tendensiyadır.
Bu barədə Crossmedia.az-a danışan həkim, professor Adil Qeybullanın sözlərinə görə, dərman bazarında qiymətləri bazar özü tənzimləməlidir, dövlət və ya tarif şuralarının müdaxiləsi düzgün deyil: “Özəl sektorda dərmanların qiymətini bazar tənzimləməlidir. Onu hansısa tarif şurası, dövlət tənzimləyə bilməz. Dərmanı gətirən kommersiya şirkətləri vergi, gömrük və digər ödənişlər ödəyir, sahibkarın da qazancı olmalıdır. Buna görə də burada sahibkarın qazancına müdaxilə etmək düzgün deyil. Normal halda rəqabət mexanizmi olur və qiymətlər bazarda tənzimlənir".
A.Qeybulla qeyd edib ki, dərmanların qiymətinə müdaxilə məsələsi həmişə problem doğurur: "Tarif şuralarının qiymətlərə müdaxiləsi məntiqsizdir və uzunmüddətli həll deyil. Dərmanların keyfiyyət parametrləri, toksisitə və digər texniki standartların pozulması hüquqi məsuliyyət yaradır. Bu sahədə ciddi nəzarət olmalıdır. Lakin qiymət məsələsi fərqli yanaşma tələb edir. Qiymətləri kim müəyyənləşdirəcək? Buna hər dəfə müdaxilə olunacaqsa, bu artıq iş olmur. Mən bazar mexanizmlərinin qiymətlərin formalaşmasında əsas rol oynamasının və dövlət müdaxiləsinin minimum olması tərəfdarıyam".
Fatimə Nəbiyeva
15:47 02.06.2025
Oxunuş sayı: 1580