Uşaqlar azadlıq və toxunulmazlıq hüququna malikdir - Hüquqşünas

Uşaqlar hər bir cəmiyyətin ən dəyərli sərvətidir. Onlar dünyaya gözəllik, ümid və səmimiyyət gətirirlər. Uşaqlar güldükcə, dünya daha işıqlı olur.
Məhz bu məqsədlə 1 iyun — Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunur. Bu gün bizə xatırladır ki, uşaqların təhlükəsizliyi, təhsili və rifahı cəmiyyətin əsas prioritetlərindən biri olmalıdır. Onların hüquqlarını qorumaq, daha güclü və ədalətli bir gələcək qurmaq deməkdir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən hüquqşünas Xəyalə Hənifəli bildirib ki, 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən 1 iyunun qeyd olunması qərara alınıb:
“Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib. Elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Uşaqlara hər birimizin vətəndaş olaraq, valideyn olaraq uşaqların hüquqları və valideynlərin uşaqlar üzərində hüquqları, ümumən uşaqların cəmiyyətdəki mövqeləri ilə bağlı onları qorumaq məqsədilə yazılan qanunlardan, eyni zamanda bu qanunlara necə əməl etməyimiz haqqında danışmaq istəyirəm. Öncə bütün uşaqları Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edirəm. Ailə Uşaq haqqında qanunda da qeyd edildiyi kimi, hər bir uşağın müdafiə olunmaq, qorunmaq hüququ vardır. Uşaqların milli müdafiəsi, sosial rifahı, təhsili, səhiyyə məsələləri — hər birimizin gələcəyi naminə qorunması bir dövlətin, millətin ən başlıca amillərindən biridir”.
Hüquqşünasın sözlərinə görə, bu gün ölkəmizdə uşaqlara göstərilən diqqət, qayğı, onların gələcəyə atdıqları hər bir uğurlu addım bizim millət və xalq olaraq ən böyük nailiyyətimizdir:
“Gündən-günə artan zorakılıq isə ən böyük problemlərimizdəndir. Valideyn, habelə digər şəxslərin uşaqlara qəddar rəftara yol verməsi, onlara qarşı psixi və ya zorakı hallar tətbiq etməsi uşaqların hüquqlarının pozulması, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada valideynlik hüquqlarından məhrum edilməyə inzibati və ya cinayət məsuliyyətinə səbəb olur. Uşaqlarla fiziki və ya hüquqi şəxslər, habelə valideynlər qəddar rəftar halları müşahidə etdikdə, belə rəftarların qarşısının alınması üçün müvafiq orqanlara müraciət olunmalıdır. Uşaqlar bizim gələcəyimizdir, onları qorumaq bizim hər birimizin borcudur. Qeyd edim ki, (Ailə və Uşaq: Maddə 14) hər bir uşağın vicdan, fikir və söz azadlığı vardır. (Maddə 17) Hər bir uşaq ailədə valideynləri ilə birgə yaşamaq, qayğı görmək hüququna malikdir. Əslində, hər bir valideynin uşaqlara uşaq kimi yanaşmaqdan çox, onların da hüquqları olan vətəndaş kimi yanaşması daha düzgün olardı. Bu gün televiziya kanallarına nəzər saldıqda, saatlarla davam edən bayağı verilişlərin əvəzinə, ən azı 20-30 dəqiqəlik efir vaxtı uşaqların hüquqlarının qorunması və valideynlərin maarifləndirilməsi məqsədilə verilişlərə həsr edilməlidir. Xüsusi ilə onu nəzərə almalıyıq ki, hər bir vətəndaş, hər bir ata, ana hüquqlarını bilməyən 1000-lərlə ailə üçün çox böyük marifləndirici bir sosial layihə yaratmaq olar. Ümid edirəm ki, bu yöndə addımlar atılacaq, təkcə televiziyada deyil, mavi ekranların hər birində bu cür verilişlər mütləq sosiallaşacaq”.
X.Hənifəli vurğulayıb ki, uşaqlar azadlıq və toxunulmazlıq hüququna malikdir:
“Müstəsna hal kimi uşaqların həbs olunması, Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin prinsipi, BMT-nin Uşaq hüquqları Komitəsinin tövsiyəsini nəzərə alaraq, uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti səmərəli şəkildə Uşaq hüquqlarının müdafiəsi sektorunda 2021-ci ildə yaradılıb. Uşaq hüquqlarının müdafiəsi sahəsində şikayətlərin baxılması, marifləndirmə, monitorinqlərin keçirilməsi və təkliflərin irəli sürülməsi yönündə islahatlar aparılmaqdadır. Nəzərə alsaq ki, bütün uşaqlar bərabər hüquqlara malikdir, uşaqlar onların valideynlərinin və ya valideynlərini əvəz edən şəxslərin sosial və əmək vəziyyətindən, irqi və milli mənsubiyyətindən, sağlamlığından, təhsilindən, dilindən, yaşayışından, məkanından, dinindən asılı olmayaraq, uşaqlar bərabər nigahdan və ya nigahdan kənar doğulmasından asılı olmayaraq valideynləri barəsində eyni hüquqlara malikdirlər. Uşaqların hüquqları və ya qanun mənafeyləri pozulduqda, o cümlədən valideynlərdən hər hansı biri uşaqların tərbiyə, təhsil öhdəliklərini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından istifadə edərsə, uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanlarına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir”.
Nəzrin Salmanova
01:59 01.06.2025
Oxunuş sayı: 2019